Noyabrın 20-də YAP Səbail rayon təşkilatında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ Müharibəsində qazandığı Şanlı qələbələr və Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü münasibətilə videoformatda konfrans keçirildi. Konfransda Rayon Şurası və İdarə Heyətinin üzvləri, partiya veteranları və fəal gənclər iştirak etdilər.
İlk öncə, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Ağdam rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqına
müraciəti böyük coşqu və ruh yüksəkliyi ilə dinlənildi.
Videkonfransa sədrlik edən YAP Səbail rayon təşkilatının
sədri prof. Şəmsəddin Hacıyev Ali Baş Komandan başda olmaqla bütün
Azərbaycan xalqını müstəqil Azəbaycanın hərb tarixinə qızıl hərflərlə əbədi
həkk olunan Vətən müharibəsindəki şanlı qələbələr münasibətilə ürəkdən təbrik
etdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşən, düşməni
Azərbaycan torpaqlarından "iti qovan kimi qovan” və şəhid olan Vətənin qəhrəman
övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla və dərin ehtiramla yad olundu,
döyüşlərdə yaralanan hərbiçilərimizə Allahdan şəfalar arzulandı.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusunun möhtəşəm Zəfər tarixi yazdığını, XXI əsrdə yeni bir müharibə modelini
təqdim etdiyini vurğulayan Ş.Hacıyev müzəffər Azərbaycan Ordusunun 44 günlük
qələbə salnaməsinin dövlətçilik tariximizin son yüz ildə ən şərəfli və ən
qürurlu səhifəsi olduğunu xüsusi qeyd etdi. Bildirildi ki, Azərbaycan xalqının
milli oyanışı, özünəqayıdışı və milli fəxarət rəmzinə çevrilən İkinci Qarabağ
müharibəsi ölkəmizdə olduğu kimi bütün Türk dünyasında da böyük coşqu və ruh
yüksəkliyi yaratdı. Azərbaycan xalqının bütün nümayəndələri – ictimai
mənşəyindən, siyasi mövqeyindən, dinindən, cinsindən, yaşından, tutduğu
vəzifədən asılı olmayaraq Ali Baş Komandan, möhtərəm Prezidentimizin ətrafında
sıx birləşərək əzəli düşmənimizin başını əzən "dəmir yumruğ”a çevrildi,
Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılmasına nail olundu. Bu qələbə
zaman-zaman ermənilərin uydurduqları yalanları, mifləri, "böyük ermənistan”
xülyalarını da darmadağın etdi, onların alçaq, qorxaq, xəyənətkar, faşist və
terrorçu xislətini və bütövlükdə "erməniçilik” ideologiyasının əsl simasını və
mahiyyətini düyayaya nümayiş etdirdi. Vətən torpaqlarının mənfur düşmən
tapdağından azad olunması və Azərbaycanın qətiyyətli, inamlı qələbəsi ilə
yekunlaşan İkinci Qarabağ Müharibəsi Azərbaycan xalqının qalib, müzəffər,
cəsur, mərd və qəhrəman bir xalq olduğunu bir daha sübut etdi, bütün
şəhidlərimizin, mənfur ermənilərin Türk millətinə, Azərbaycan xalqına qarşı
törətdikləri qanlı soyqırımların qurbanlarının qisasının alınmasını və müstəqil
Azərbaycanın ərazi bütövlüyünün parlaq zəfərlərlə bərpa ediməsini təmin etdi.
Ş.Hacıyev döyüş meydanında Azərbaycan Türkünün gücünü,
qələbə əzmini, döyüş ruhunu nümayiş etdirən, Ali Baş Komandanımız başda olmaqla
müzəffər Ordumuzun bütün komandanlıq heyətini, böyük qəhrəmanlıqlar göstərən
Azərbaycan zabit və əsgələrini bir daha təbrik etdi və bildirdi ki, Azərbaycan
xalqı əlində silah, hərb meydanında, əsl Türk oğluna xas olan böyük cəsarət və
mərdliklə vicdan, namus borcunu ödədi və şanlı Azərbaycan bayrağını işğaldan
azad olunan torpaqlarımızda yüksək fəxarətlə dalğalandırdı. Prezident İlham
Əliyevin hərbi, siyasi və diplomatik məharətinin nəticəsidir ki, 20 noyabr
2020-ci il tarixində Ağdam rayonu heç bir güllə atılmadan, heç bir əsgər
yaralanmadan, qansız-qadasız məhz bu gün işğaldan azad olundu və Ali Baş
Komandanımızın müharibənin ilk günündən irəli sürdüyü şərtə uyğun olaraq, işğal
altında qalan son iki rayonumuz – Kəlbəcər və Laçın da təsdiqlənmiş qrafik üzrə
1 dekabr tarixinədək Azərbaycana geri veriləcəkdir. Dağlıq Qarabağ ətrafındakı
7 rayonumuzun, Hadrutun və Qarabağın incisi Şuşanın işğaldan azad olunması
sözün əsl mənasında müzəffər Ali Baş Komandanımızın şəxsi şücaəti, cəsarəti,
dünya rəhbərləri qarşısında həm hərbi meydanda, həm informasiya məkanında, həm
də siyasi və diplomatik arenada nümayiş etdirdiyi bilik, məharət, qabiliyyət,
zəka və müdriklik nəticəsində mümkün oldu. Sədr xüsusi vurğuladı ki, müharibə
nəticəsində sanki bütün xalq, hər bir Azərbaycan vətəndaşı Liderimizi,
Prezidentimizi bir daha yenidən kəşf etdi, Onun dahiliyinin, qətiyyətli
xarakterinin, uzaqgörən strateq və böyük Komandan olduğunun bir daha şahidi
oldu və İlham Əliyev rəşadətli, MÜZƏFFƏR SƏRKƏRDƏ olaraq Azərbaycan xalqının
qəlbində özünün əbədiyaşar heykəlini ucaltdı.
Ş.Hacıyev diqqətə çatdırdı ki, bu Vətən müharibəsi
Azərbaycan xalqına böyük mənəvi qazanclar bəxş etdi. Azərbaycan xalqı bir
yumruq kimi bir nöqtəyə vurmağı bacardı, Türk millətinin cəsur, qorxmaz boyu
kimi özünü bir daha təsdiq etdi, milli ruhunu özünə qaytardı, erməni
vandalizmini, körpə, uşaq, qadın, qoca qatili olan əzəli düşmənimizin əsl
terrorist, faşist içüzünü dünyaya nümayiş etdirdi və ən əsası dostunu da,
"dost” görünməyə çalışan ikiüzlü riyakarları da yaxşı tanıdı. Qeyd olundu ki,
Azərbaycan xalqının bu taleyüklü günlərində qardaş Türkiyənin mənəvi, siyasi
dəstəyini, qardaş-dost Pakistanın və Türk dövlətlərinin, TÜRKPA üzvlərinin,
İsrailin, qonşu Gürcüstan və İran İslam Respublikasının, Ukraynanın, Rusiyanın
neytrallığını qorumasını və bu məsələdə ədalətli mövqe tutmasını, Qoşulmama
Hərəkatına üzv olan ölkələrin Azərbaycanı dəstəkləyən birmənalı mövqeyini,
ATƏT-in Minsk Qrupunun ədalətli mövqe bildirən ölkələrinin dəstəyini biz heç
vaxt unutmamalıyıq və tarixin bu dərslərindən müvafiq nəticələr çıxartmalıyıq.
Azərbaycanda sarsılmaz Xalq-İqtidar-Ordu birliyinin
mövcud olduğunu bir daha vurğulayan Ş.Hacıyev bildirdi ki, Azərbaycan üçün
tamamilə yeni möhtəşəm dövr başlayır. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
xalqı erməni vandallarının viran qoyduğu torpaqlarda Azərbaycanın mədəni irsini
bərpa edəcək, kənd və şəhərlərimizi yenidən quracaq. Möhtərəm Prezidentimizin
dediyi kimi: "Qarabağı cənnətə çevirəcəyik” və bütün bu işlərdə
Yeni Azərbaycan Partiyasının üzvləri də sözsüz ki, yaxından iştirak edəcəklər.
Ş.Hacıyev Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə
qurulan və Azərbaycanın ictimai-siyasi həyatında əvəzsiz xidmətləri olan Yeni
Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü münasibətilə partiyanın bütün üzvlərini təbrik etdi. Qeyd
olundu ki, əgər 1990-cı illərin əvvəllərində Ulu Öndər Heydər Əliyev
hakimiyyətə gəlməsəydi və Onun xilaskarlıq missiyası olmasaydı Azərbaycan xalqı
üçün bugünki bu qələbələr mümkün olmazdı. Ölkəmizdə ordu quruculuğunun,
ümumiyyətlə bütün sahələrdə kompleks, sistemli inkişafın bünövrəsi məhz Heydər
Əliyev tərəfindən qoyuldu. Yeni Azərbaycan Partiyasının yaranmasını
şərtləndirən zərurətlər, 1988-ci ildən etibarən Azərbaycan xalqının meydan
hərəkatları, milli azadlıq uğrunda mübarizəsi, Heydər Əliyevin Naxçıvan Muxtar
SSR-də müstəqilliyin əldə olunması istiqamətindəki fəaliyyəti, Azərbaycanın 91
nəfər ziyalısının Heydər Əliyevə tarixi müraciəti və o mürəkkəb, ziddiyyətli
dövrdə cəsur, ölkəsini düşünən, dövlətinə, torpağına biganə olmayan fədakar
insanların mübarizəsi haqqında ətraflı məlumat verən Ş.Hacıyev diqqətə çatdırdı
ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis konfransı keçirilən Yeni
Azərbaycan Partiyasının yaranması Azərbaycanın gələcək inkişaf taleyində
həlledici rol oynadı və həm Heydər Əliyevin hakimiyyətdə olduğu 10 il, həm də
Ulu Öndərin layiqli siyasi davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin
ölkəyə rəhbərliyi dövründə görülən möhtəşəm işlərdə Yeni Azərbaycan
Partiyasının misilsiz xidmətləri olmuşdur. Şərəfli inkişaf yolu keçən Yeni
Azərbaycan Partiyası müstəqillik dövründə ölkəmizin ictimai-siyasi həyatında
aparıcı rol oynayır, partiyanın sıraları ildən-ilə həm kəmiyyət, həm keyfiyyət
baxımından genişlənir, hazırda YAP üzvlərinin sayı 760000-dən çoxdur və Yeni
Azərbaycan Partiyası Cənubi Qafqazın ən mütəşəkkil siyasi qüvvəsidir. Bu da
təsadüfi deyildir, çünki partiyanın ilk Sədri Ümummilli Lider Heydər Əliyev
olmuşdur, hazırda isə partiyanın sədri, müzəffər Ali Baş Komandanımız İlham
Əliyevdir. Partiyanın Sədr müavini Birinci vitse-prezident xanım Mehriban
Əliyevadır. Müstəqil Azərbaycanın tarixinə adını qızıl hərflərlə yazdıran
görkəmli dövlət xadimlərinin rəhbərlik etdiyi partiyanın üzvü olmaq hər bir
vətəndaşımız üçün böyük şərəf və qürur mənbəyidir. YAP üzvləri ölkəmizin
ictimai-siyasi həyatında öz sözlərini bütün dövrlərdə deyiblər və bundan sonra
da deyəcəklər.
YAP Səbail rayon təşkilatının fəaliyyəti, xüsusilə
2020-ci ildə, pandemiya ilə mübarizə və müharibə dövründə görülən işlər
haqqında Konfrans iştirakçılarına geniş məlumat verən Sədr bildirdi ki,
pandemiya ilə əlaqədar respublika ərazisində tətbiq olunan xüsusi karanin
rejimi dövründə Səbail rayonu ərazisində 200-dən çox aztəminatlı ailəyə, o
cümlədən tənha, ahıl yataq xəstələrinə, şəhid ailələrinə, müharibə əlil və
veteranlarına ərzaq, dərman, tibbi-gigiyenik vasitələrdən ibarət yardımlar
göstərilmiş, rayon ərazisində genişəhatəli maarifləndirmə, məlumatlandırma
işləri həyata keçirilmişdir. Müharibə dövründə döyüşlərdə yaralanmış və hazırda
müalicə olunan hərbi qulluqçular Yeni Azərbaycan Partiyası tərəfindən xüsusi
diqqət və qayğı mərkəzində saxlanılmış, partiya üzvləri, fəallar və
könüllülərimiz əsgərlərimizi, cəbhə bölgələrini tez-tez ziyarət etmiş və Ali
Baş Komandanımızla, Ordumuzla milli həmrəylik nümayiş etdirmişlər. Sədr bu
istiqamətdə qarşıda duran və icrası nəzərdə tutulan işlər haqqında Konfrans iştirakçılarına
məlumat verdi və hamını bu nəcib təşəbbüslərdə yaxından iştirak etməyə dəvət
etdi.
Ş.Hacıyev Ali Baş Komandanımızın, Azərbaycan Ordusunun
şanlı qələbələri münasibətilə bir daha Konfrans iştirakçılarını təbrik etdi və
Yeni Azərbaycan Partiyasının ölkəmizin gələcək sosial, iqtisadi, siyasi və
mədəni inkişafında möhtəşəm tarix yazacağına dair əminliyini ifadə edərək,
Partiyamızın növbəti ildönümü və yubileylərinin Şuşada və digər işğaldan azad
olunmuş şəhərlərimizdə, rayonlarımızda keçirilməsini arzu etdi.
"Ekspertlər” (Azərbaycan Respublikası Prezidenti yanında
Ali Attestasiya Komissiyası) ərazi ilk partiya təşkilatının sədri Orxan
Ağayev qələbələr, bayramlar münasibətilə konfrans iştiriakçılarını təbrik
edərək bildirdi ki, Ali Baş Komandanın idarəçilik məharəti və hərbi şücaəti
nəticəsində Azərbaycan xalqının məfkurəsi tamamilə dəyişdi, biz artıq mübariz,
güclü, qalib xalqıq və bu yol Ulu Öndər Heydər Əliyev yoludur.
Ağdamlıları və bütün Azərbaycan xalqını təbrik edən
132-134 saylı Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova bildirdi
ki, Prezident İlham Əliyevin qazandığı şanlı qələbələr əsrlərin qələbəsidir,
uzun illər Azərbaycan xalqının torpaq uğrunda verdiyi onminlərlə şəhidlərimizin
qisasıdır. İlham Əliyev Azərbaycanın şanlı tarixini yazaraq, özü də xalqımızın
tarixi qəhrəmanına çevrildi. Qeyd olundu ki, 132-134 saylı Təhsil Kompleksinin
məzunları arasında həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olan
qəhrəmanlarımızın əziz xatirəsi əbədi yaşadılacaq və onların qəhrəmanlıq
dastanı nəsildən-nəsilə ötürüləcəkdir.
"Təhsil tədqiqatçılar” (Azərbaycan Təhsil İnstitutu)
ərazi ilk partiya təşkilatının sədri, şəhid qardaşı Piralı Əliyev qeyd
etdi ki, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının milli ruhunu özünə qaytardı,
qaçqınlarımızın, məcburi köçkünlərimizin, şəhidlərimizin qisasını mənfur
düşməndən aldı, gözükölgəli xalqın başını ucaltdı. Ulu Öndər Heydər Əliyev
Horadiz əməliyyatı ilə Birinci qayıdışın təməlini qoydu, İlham Əliyev isə
Qarabağa Böyük qayıdışı reallaşdırdı.
"Akademik Filarmoniya” (M.Maqomayev adına Akademik
Filarmoniya) ərazi ilk partiya təşkilatının sədri Elçin Abbasov Azərbaycan
xalqının şanlı qələbələrini təbrik etdi, şəhidlərimizin ruhu qarşısında
ehtiramını bildirdi və Zəfər marşı ilə dönən qazilərimizin cəmiyyətimiz
tərəfindən böyük diqqət və qayğı ilə əhatə olunmalarının vacibliyinə diqqət
çəkdi. Bildirildi ki, Azərbaycan xalqı bundan sonra da bu qələbə ruhunu
yaşatmalıdır.
YAP Səbail rayon təşkilatının Sədr müavini Mehman
İsmayılov Azərbaycan xalqına göz aydınlığı verərək Ali Baş Komadanımıza
dərin minnətdarlığını ifadə etdi. Xüsusi qeyd olundu ki, hər bir azərbaycanlı
bu gün yüksək fəxarət yaşayır, çünki, Azərbaycanın işğaldan azad olunan
torpaqlarında müqəddəs azan oxunur, himnimiz səslənir, üçrəngli bayrağımız
dalğalanır. Bu xalqımızın böyük xoşbəxtçiliyidir.
189-190 saylı orta məktəbin direktoru Ceyran Kuliyeva bildirdi
ki, Azərbaycan xalqı xoşbəxtdir ki, İlham Əliyev kimi dərin zəkalı, yüksək
idarəçilik məharəti olan, polad iradəli sərkərdəsi var. Allahın təqdiridir ki,
Qarabağın göz bəbəyi, alınmaz qala olan Şuşa şəhəri məhz 8 noyabr – Ulu Öndər
Heydər Əliyevin Zərifə xanım Əliyeva ilə ailə həyatı qurduğu tarixdə işğaldan
azad olundu. Bəlkə də bu böyük məhəbbətdən dünyaya gələn övladın
valideynlərinin ruhuna bir hədiyyə idi. Nə qədər ki, Azərbaycan xalqına İlham
Əliyev rəhbərlik edir, bu millətə zaval yoxdur. C.Kuliyeva qeyd etdi ki, əgər
cənab İlham Əliyev bu zamana qədərki seçkilərdə 80-85%-lik dəstək alırdısa
əminik ki, sevimli Prezidentimiz bundan sonra xalqımızın 100%-lik dəstəyini
alacaq və xalqın ümummilli vahid istəyi ilə İlham Əliyev Azərbaycan xalqının
əbədi Prezidenti olacaq. Azərbaycan xalqına zəfər yaraşır. Tarixi zəfərimiz
mübarək!
Çıxış edən YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos.
Zəfər Bayramov Ali Baş Komandanımızı, Azərbaycan Ordusunu tarixi qələbələr
münasibətilə ürəkdən alqışladı və Azərbaycan xalqının işıqlı gələcəyinə dair
arzularını ifadə etdi.
YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü,
"91-lər”dən Hacan Hacıyev bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin
imza atdığı bu şanlı, tarixi zəfərlər haqqında uzun illər, əsrlər boyu
danışılacaq, Qarabağ müharibəsi tarixçilər, siyasi-hərbi mütəxəssislər
tərəfindən geniş araşdırılacaqdır. Vurğulandı ki, Azərbaycan Ordusunun 44
günlük Zəfər yürüşü Azərbaycanın qızıl əbədi tarixinə çevriləcək.
239 saylı orta məktəbin direktoru Sədaqət Əzimova Azərbaycan
xalqını tarixi qələbələr münasibətilə təbrik etdi. Məktəbin məzunları arasında
qəhrəmanlıqla döyüşən, şəhid olan hərbiçilərimizin əziz xatirəsinin əbədi
yaşadılması istiqamətində görülən işlər haqqında danışan S.Əzimova yaralı
hərbiçilərimizə göstərilən diqqət və qayğını xüsusi qeyd etdi.
"Vərəm həkimləri” (3 saylı Vərəm əleyhinə dispanser) ərazi
ilk partiya təşkilatının üzvü Günel Hacıyeva Azərbaycan xalqına Böyük
Qələbə sevinci bəxş edən Ali Baş Komandana, Azərbaycan hərbiçilərinə təşəkkür
etdi və Azərbaycan xalqına bundan sonra da şanlı zəfərlər, xoşbəxt, firavan
həyat arzuladı.
Sonda Konfrans iştirakçıları Azərbaycan xalqını bir daha
təbrik etdilər, "Yaşasın
Ali Baş Komandanımız!”, "Eşq olsun
Azərbaycan Ordusuna!”, "Qarabağ
Azərbaycandır!” şüarlarını səsləndirdilər və Azərbaycanın şanlı qələbələrini alqışladılar.