Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov manatın ucuzlaşması məsələsinə aydınlıq gətirib. Trend-in məlumatına görə, E.Rüstəmov manatın devalvasiyasını neftin ucuzlaşması ilə əlaqələndirib.
Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı E.Rüstəmov 2008-ci ildə də neftin qiymətinin ucuzlaşmasına toxunub.
Mərkəzi Bankın sədri qeyd edib ki, o zaman manatın sabitliyi təmin edildi: "O zaman biz manatın sabitliyini təmin etdik. Biz təxminən 1 milyard manatdan artıq vəsait sərf edərək manatın sabitliyini saxladıq. O zaman neftin qısa zamanda qiyməti sabitləşdi və biz xərclədiyimiz vəsaiti geri qaytara bildik”.
E.Rüstəmov deyib ki, 2014-cü ildən bəri neftin qiymətinin iki dəfə ucuzlaşması yeni bir fenomendir. O, qeyd edib ki, ekspertlərin, beynəlxalq investisiya təşkilatlarının qiymətləndirməsinə görə bu ucuzlaşma 80-ci illərin əvvəlində baş vermiş ucuzlaşmadır: "Həm ekspertlərin, həm də beynəlxalq investisiya banklarının proqnozuna görə neftin ucuzlaşması hələ davam edəcək”.