Futbol üzrə Azərbaycan Premyer Liqasının ilin sonunadək oyunları təxirə salına bilər.
Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Oxu.Az-a açıqlamasında qərar barədə danışmağın hələ tez olduğunu bildirib:
"Ölkə ərazisində xüsusi karantin rejimi dövründə zəruri olan fəaliyyət sahələri açıqlanıb. Onların arasında idman yarışları da var. Operativ qərargahın siyahısına əsasən, tamaşaçıların iştirakı olmadan açıq havada rəsmi idman yarışlarının keçirilməsi, habelə beynəlxalq idman yarışlarına hazırlıq üzrə tədbirlərin təşkilinə icazə verilir.
Lakin qərar yenidir. Dünən AFFA və klubların iştirakı ilə Premyer Liqanın taleyi müzakirə olundu. Növbəti iclasın vaxtı bilinmir.
Sərt karantin müddətində XIII və XIV turun oyunları var. Bundan başqa, dekabrın 24-də Azərbaycan Kubokunun 1/8 final matçları var. Biz bəzi məsələləri klublar, AFFA və operativ qərargahla müzakirə etməliyik. Qərara əsasən, futbolun keçirilməsinə icazə verilir. Lakin klublardakı durumdan çox şey asılıdır”.
Qeyd edək ki, XII turun oyunları klubların futbolçularında kütləvi koronavirusa yoluxma halı aşkarlandığından, təxirə salınıb.