DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov "Tolışi sado” qəzetinin baş redaktoru Hilal Məmmədovun həbsi ilə bağlı "Virtualaz.org” saytının sualını cavablandırıb.
E.Zahidov deyib: "Əvvəla, onu qeyd edim ki, hər gün, araşdırma tələb edən müxtəlif məsələlərlə bağlı-cinayətə məruz qalan, cinayət törətməkdə şübhəli bilinən, inzibati qayda pozuntusu törədən və s. yüzlərlə insan daxili işlər orqanlarına müraciət edir, dəvət olunur və ya saxlanılaraq gətirilir. Bu heç də o anlama gəlməməlidir ki, gündə bu qədər insan polis tərəfindən həbs olunur! Qətiyyən belə deyil! O ki qaldı, konkret olaraq, "Tolışi sado” qəzetinin baş redaktoru Hilal Məmmədovun guya polis tərəfindən saxlanılmasına dair bəzi xəbər saytlarında gedən məlumatlara, bu iddia əsassızdır və həqiqəti əks etdirmir. Son günlər Hilal Məmmədov ad-soyadlı şəxs polis tərəfindən həbs olunmayıb. Ona görə də hörmətli media nümayəndələrini hər hansı xəbəri hazırlayarkən diqqərtli olmağa dəvət edirəm. Yoxlanılmamış, aidiyyəti dövlət qurumları tərəfindən təsdiq edilməmiş məlumatların mətbuata çıxarılması yolverilməzdir”.
* * *11:24
Virtualaz.org-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidməti "Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun saxlanılması xəbərini təkzib edib.
Əlavə olunub ki, yaxın saatlarda DİN bu məsələ ilə bağlı xüsusi açıqlama ilə çıxış edəcək.
Xatırladaq ki, dünən "Turan” informasiya agentliyi "Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun saxlanılması barədə xəbər yaymışdı.