İran nəticə əldə edə bilməzsə, 60 gün sonra Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı növbəti addımı atacaq.
Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.
H.Ruhaninin sözlərinə görə, İran Avropa ölkələri və digər ölkələrlə təmaslarını davam etdirir. Lakin bu günədək münasib nəticə əldə olunmayıb.
İran Prezidenti əlavə edib ki, tərəflərin irəli sürdüyü təkliflər balanslı deyildi, siyasi fəaliyyətlər davam etdiriləcək.
Qeyd edək ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. Bu planın avropalı üzvləri sazişi qorumaq istiqamətində 2019-cu ilin yanvar ayında İranla ticarəti davam etdirmək üçün İNSTEX maliyyə mexanizminin yaradıldığını bəyan ediblər. İran saziş tərəflərinin öz öhdəliklərini yerinə yetirmədiklərini əsas götürərək 8 mayda sazişdə nəzərdə tutulan 300 kiloqramdan artıq uranın satışı ilə bağlı öhdəlikləri dayandırdığını bəyan edib. İran 7 iyulda uranın 3,67%-lik zənginləşdirilməsi və Ərak Ağır Su reaktorunun rekonstruksiyası ilə bağlı nüvə sazişində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyəcəyini elan edib.