"Bank Standard"ın dollarda olan əmanətləri necə qaytarılacaq?

"Bank Standard" Kommersiya Bankının dollarda olan qorunan əmanətlərinin qaytarılması üçün Mərkəzi Bank valyuta ehtiyatlarını bazar vasitəsi ilə deyil, birbaşa Əmanətlərin Sığortalanması Fonduna satacaq.

 

"APA-Economics" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

 

"Mərkəzi Bank dövlət zəmanəti ilə Əmanətlərin Sığortalanması Fonduna kreditlər verir. Bu kreditin şərti, müddəti ikitərəfli qaydada razılaşdırılır. Bilirsiniz ki, Mərkəzi Bank manat emissiya edir və Mərkəzi Bank manat emissiya etdiyinə görə, Əmanətlərin Sığortalanması Fonduna vəsaitləri manatda verəcək. Amma əmanətləri əsasən xarici valyutada olduğuna görə, Fond Mərkəzi Bankdan aldığı manatın müqabilində bazardan xarici valyuta almalıdır. Xarici valyuta bazarına birdən-birə bu tələbin çıxması manatın məzənnəsinə təsir edə bilər. Əsasən monetar orqan olduğuna görə, o cümlədən manatın məzənnəsinin məqbul səviyyədə qalması mandatı olduğuna görə Mərkəzi Bank və biz razılaşdıq ki, manatın məzənnəsi, maliyyə sistemində sabitliyi təmin etmək üçün bu tələbat birbaşa bazara çıxmasın, Mərkəzi Bank özünün valyuta ehtiyatlarından lazım olan dolları bazarda deyil, birbaşa Əmanətlərin Sığortalanması Fonduna satsın”.

 

R.Aslanlı bildirib ki, Mərkəzi Bank Fonda dolları bazarda müəyyən edilmiş məzənnə əsasında satacaq.

 

O əlavə edib ki, ilkin hesablamalara görə, "Bank Standard”da qorunan əmanətlərinin məbləği 460 mln. manat təşkil edir ki, bunun da 30 milyonu manatda, təxminən 265 milyonu dollardadır. R.Aslanlı vurğulayıb ki, Əmanətlərin Sığortalanması Fondunun hesablamalarından sonra "Bank Standard”da dollarda olan qorunan əmanətlərin dəqiq məbləği məlum olacaq.