Portuqaliyanın tanınmış futbol agenti Paulu Barboza milli komandanın AVRO-2016-da çıxışına münasibət bildirib.
sabahinfo.az goal.az-a istinadən onun müsahibəsini təqdim edir.
- Uels üzərindəki qələbədən sonra Portuqaliya millisi eyforiyaya düşübmü?
- Özümdən götürürəm, finala çıxmağımıza sevinirəm. Amma komanda yaxşı oynamır. Nəticə vacib olsa da, millinin necə futbol göstərdiyinə baxmaq lazımdır.
- Portuqaliya finala vəsiqə qazanmağa layiq deyildi?
- Əksinə. Bununla yanaşı, nəticələr ziddiyyətlidir. Çünki bir oyundan başqa digər görüşlərdə heç-heçə etmişik. Məsələyə kompleks yanaşmaq lazımdır. Tənqidsiz irəliləyiş yoxdur. Futbolu sevirəm. Etiraf edim ki, islandlar və fransızlar bizdən daha yaxşı təsir bağışladılar.
- Uelsin məğlub edilməsində Ronaldunun böyük rolu oldu...
- Hər kəs onun haqqında danışır. Lakin milliyə keyfiyyəti başqa futbolçular verdilər. Ümumi götürəndə Portuqaliyanın futbolu baxımlı olmasa da, effektivdir. AVRO-2004-də yunanların göstərdiyi oyuna bənzəyir. İslandiya, Macarıstandan güclü görünmədik. Xorvatlar isə bizdən daha üstün idilər. Amma həlledici oyunda bizi fərqli səviyyədə olan rəqib gözləyir.
- Uelsi yüksək səviyyəli rəqib hesab etmirdiniz?
- Onlar hətta orta səviyyəli kollektiv deyil. Xorvatiya millisi ortababdır. İslandiya isə sürpriz komandadır. Belə çıxır ki, Portuqaliya bu turnirdə ilk dəfə top-komanda ilə qarşılaşacaq.
- Kriştianu Beyldən güclüdür?
- Bəli. Ronaldu ümumi fonda yaxşı təsir bağışladı. Amma "Real"dakı futbolçu deyil. Bir qolu ilahiləşdirməyə ehtiyac yoxdur. Oyunu aparan başqa futbolçular idi.
- Məsələn, kim?
- Renatu Sanşeş. O, komandanı dəyişdirib. Biz daha kompakt, aqressiv olmuşuq. Sanşeş hücuma çıxmağı sürətləndirir.
- Əfsanəvi fransız mütəxəsis Qi Ru onun 18 deyil, 24 yaşı olduğunu iddia edir...
- Qeyri-ciddi fikirlərdir. Daha öncə "Sporting"in prezidenti Renatunun yaş məsələsinə aid bənzər fikir bildirmişdi. Siz futbolçunun oyununu qiymətləndirin. Sanşeş, həqiqətən, hələ yeniyetmədir. "Sporting"in prezidenti komandasının titulu əldən verməsindən məyus olub lazımsız şeylər söyləmişdi. Renatunun 18 yaşı var. Buna heç bir şübhə yoxdur.
- Ronaldunun üzərinə qayıdaq. Sizə elə gəlmir ki, yazda aldığı zədə onun oyununa öz təsirini göstərir?
- Elədir. Onun indiki fiziki durumu "Real"da olduğu kimi oynamasına imkan vermir. Milli komandada gücünə çox qənaət edir. Kriştianu başa düşür ki, meydanda elə mövqe tutmalıdır ki, əlinə fürsət düşsün. Ronaldu son zərbəni vurmaq üçün cərimə meydançasında olmalıdır.
- Portuqaliyada Ronaldunun jurnalistin mikrofonunu gölə atmasına münasibət nədir?
- Jurnalistin ona yaxınlaşmağa haqqı yoxdu. Bu, təxribat idi. Kriştianu da uşaq deyildi, belə reaksiya verməməli idi. Onun davranışına haqq qazandıran kimsə görməmişəm. Futbolçular da bununla bağlı susdular. Deməli, onlar Ronaldunun hərəkətinə görə utanmışdılar.
- Sizcə, "Qızıl top"un taleyi Portuqaliya - Uels matçından sonra həll olundu?
- Xeyr. Hər şey finaldan asılı olacaq. Kriştianu qol vursa, şansları artacaq. Çempionlar Liqasının finalında xüsusi bir şey göstərmədi. Avropa çempionatında da eyni.
- Portuqaliya Avropa çempionatında qalib olsa, Ronaldu Rusiyada keçiriləcək Konfederasiyalar Kubokuna gələcəkmi?
- Şübhə edirəm. "Real"la kompromiss tapmaq lazım gələcək... Bəlkə, özü Rusiyaya gəlmək istədi? Hər halda, bu, titul qazanmaq imkanıdır.