Yeni mövsüm üçün büdcəsi azaldılan "Azərreyl” ciddi problemlərlə üz-üzə qalıb. Apasport.az saytının məlumatına görə, komandanın çempionluğunda pay sahibi olan aparıcı voleybolçular "dəmiryolçular”ın düşərgəsini tərk etməyə başlayıblar.
Belə ki, Madison Kinqdon (ABŞ), Natalia Valentin (Puerto-Rika), Nutsara Tomkom (Tailand) və Odina Əliyevanın (Azərbaycan) ardınca millimizin üzvü Kseniya Kovalenko və bolqarıstanlı Straşmira Filipova da "Azərreyl”lə yeni müqavilə bağlamayacaqlar.
Yığmamızın blokçusu karyerasını Türkiyədə davam etdirmək arzusundadı. 30 yaşlı voleybolçu millidəki komanda yoldaşı Yana Kulanın şərəfini qoruyacağı "Çanaqkala Bld” klubu ilə danışıqları tamamlamaq üzrədi. Kovalenkonun yaxın günlərdə müqaviləyə imza atacağı gözlənilir. Onun "Azərreyl”dən ayrılmasında isə yeni şərtlərlə razı olmaması rol oynayıb.
Komandanın digər blokçusu Filipovanın isə Rusiya və Türkiyə klubları ilə danışıqlar apardığı bildirilir. Artıq əvvəlki gücündə olmayan bolqarıstanlının iddialı komandaya transferi isə inandırıcı deyil.
Həmçinin Odina Bayramovanın da bugünlərdə hansı klubu seçəcəyi dəqiqləşəcək. Onun Türkiyənin "Halkbank” və "İdmanocağı” komandalarından biri ilə razılıq əldə edəcəyi gözlənilir.
Beləliklə, son çempion demək olar ki, əsas heyət oyunçularının hamısını bir-bir itirir. Hətta baş məşqçi Bülənt Karslıoğlu ilə də yeni müqavilənin imzalanması gündəmdə deyil. Nəticədə Super Liqanın qalibinin heyəti tamamilə dağılacaq və yeni komanda formalaşacaq. "Azərreyl”in Çempionlar Liqasında gənc və perspektivli voleybolçularla qatılacağı vurğulanır.
Qeyd edək ki, "Azərreyl” mövsümün gedişində Hali Ekermanla (ABŞ) da vidalaşmışdı.