Daha bir idmançımızda dopinq tapıldı

Beynəlxalq Ağır Atletika Federasiyası London Yay Olimpiya Oyunlarında götürülən dopinq testinin təkrar yoxlanılması zamanı müsbət nəticə verən 11 idmançının adını açıqlayıb.

sabahinfo.az apasport.az-a istinadən xəbər verir ki, siyahıda Azərbaycan millisinin ağırlıqqaldıranıİntiqam Zairov da var.

Belə ki, London-2012-də idmançımızdan götürülən analiz təkrar yoxlamada müsbət nəticə verib. Onun orqanizmində deqidroxlorometiltestosteron aşkarlanıb.  4 il öncəki Olimpiadada 94 kq çəki dərəcəsində 6-cı olan Zairovun 8 illik diskvalifikasiyası da var.
 
Ümumilikdə siyahıda 4 rusiyalı varsa, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Moldova, Belarus və Qazaxıstanın bir atleti yer alıb.
 
Qeyd edək ki, Zaurova qədər yığmamızın digər üzvü Sərdar Həsənov Pekin-2008, Boyanka Kostova da London-2012-də istifadəsi qadağan olunan preparatlardan istifadədə günahlandırılıb. Kostova və Həsənovdan fərqli, ABŞ-ın Hyuston şəhərində təşkil olunan dünya çempionatında dopinq testdən keçə bilməyən Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov və İntiqam Zairov 8 il müddətinə diskvalifikasiya olunub. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. Onun cəza müddəti 2019-cu ilin dekabrınadək nəzərdə tutulub. Həmçinin Xristovun həmin çempionatda qazandığı bürünc medalı əlindən alınıb və yığmamız Rioya qazandığı 4 lisenziyadan məhrum edilib.