"Dördgünlük müharibədən sonra erməni komandasının Olimpiadada iştirakı tamamən mənasızdır”.
Erməni qrossmeysteri Rafael Vaqanyan hesab edir ki, Ermənistan yığması sentyabrda Bakıda keçiriləcək Dünya Şahmat Olimpiadasında iştirakdan imtina etməlidir.
sabahinfo.az xəbər verir ki, bu barədə "Novosti-Armeniya” məlumat yayıb.
"Hesab edirəm ki, dördgünlük müharibədən sonra erməni komandasının Olimpiadada iştirakı tamamən mənasızdır, amma şahmatçılarımızın ora getməsi barədə söhbət gedir. Bu məsələ üzrə qərar qəbul edilməyib”, - R.Vaqanyan deyib.
Qrossmeyster həmçinin xatırladıb ki, keçən il azərbaycanlı şahamtçılar Tsaxkadzorda keçirilən komandalar arasında dünya çempionatında iştirak etmək üçün Ermənistana gəlməkdən imtina etmişdilər.
Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Ovik Xalikyan öz növbəsində bəyan edib ki, erməni idmançılarının Azərbaycanda keçirilən hər hansı yarışda iştirakını alqışlamır.
"Son qərarı şahmatçıların özləri qəbul etməlidirlər. Əgər onlar iştirak etməyə hazır olduqlarını bildirsələr, biz buna mane olmayacağıq”, - Xalikyan bildirib.
Xatırladaq ki, erməni şahmatçıları keçən payızda Dünya kubokunda iştirak ediblər, həmin yarış da Bakıda keçirilirdi.