FİFA Ramil Şeydayevin Azərbaycan vətəndaşlığını alması ilə bağlı məsələni araşdırır.
Qol.az-ın xəbərinə görə, bu haqda Rusiyanın TASS agentliyi məlumat yayıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, R.Şeydayevin Azərbaycan vətəndaşlığını alması və futbolçunun Azərbaycan milli komandasına oynamasının mümkünlüyü ilə əlaqədar onlara AFFA-dan müraciət daxil olub. "Hazırda bu məsələyə baxılır və bizim mütəxəssislər tərəfindən araşdırılır” – deyə FİFA-dan bildirilib.
Bu arada AFFA-nın baş katibi Elxan Məmmədov rusiyalı idman hüquqçünası Mixail Prokopetsin fikirlərinə münasibət bildirib. M.Prokopets deyib ki, Şeydayevin Azərbaycan millsində oynaması hüquqi tərəfdən mümkün deyil: "Çünki Rusiya milli komandalarında çıxış etməzdən əvvəl onun Azərbaycan pasportu olmayıb”.
AFFA-nın baş katibi Elxan Məmmədov isə TASS agentliyinə deyib ki, R.Şeydayevlə bağlı FİFA-ya müraciət edilməzdən əvvəl də bu futbolçunun Azərbaycan pasportu olub. "Bu məsələdə anlaşılmazlıq var. Görünür, kimsə xarici pasportu nəzərdə tutur. Biz FİFA-ya müraciət etməzdən əvvələ qədər də Ramildə Azərbaycanın ümumvətəndaşlıq pasportu olub. Mən bunu görmüşəm. O, bu sənədi alıb. Çünki atası azərbaycanlıdır və burada doğulub. Bu sənəd olmasaydı, FİFA bu məsələyə baxmazdı” – deyə E.Məmmədov bildirib.