Fransada avtomobil yanacağı qıtlığı yaranıb

Mayın 23-də Fransa paytaxtında və onun ətrafındakı bir çox yanacaqdoldurma məntəqələrində dizel yanacağı və benzin çatışmazlığı yaranıb. Avtomobil yanacağının çatdırılması ilə bağlı vəziyyət kəskin şəkildə pisləşib.

sabahinfo.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu, neft emalı zavodları işçilərinin, həmçinin bu müəssisələrin yolunu bağlayan ağır yük avtomobilləri sürücülərinin davam edən tətili ilə bağlıdır. Etirazlar hökumətin əmək qanunvericiliyinin islahatları barədə populyar olmayan qanununa qarşı yönəlib. Nümayişçilər hazırda 5 iri yanacaq anbarının və ölkədə fəaliyyət göstərən 8 neft emalı zavodundan 6-nın yolunu kəsib.

"Total” neft kompaniyasının məlumatına əsasən, şirkətin Fransadakı 2,2 min yanacaqdoldurma məntəqəsinin 400-də yanacaq çatışmazlığı qeydə alınıb.

Yerli KİV-lər məlumat verirlər ki, Parisdə və onun ətrafında vəziyyət bir qədər də kəskinləşə bilər. Belə ki, Sena və Marna departamentlərində paytaxtı yanacaqla təmin edən əsas neft emalı zavodlarının işçiləri də tətilə qoşulmağı planlaşdırırlar.

Fransanın Baş naziri Manuel Vals hökumətin nümayişləri dağıdaraq anbarların və neft emalı zavodlarının fəaliyyətini bərpa edəcəyini bildirib. Nümayişçilər isə öz növbələrində hökumətin islahatlar barədə planlarından əl çəkməyəcəyi təqdirdə etirazlara davam edəcəklərini bildirirlər