İlhamə Quliyevanın oğlu Mehriban Hüseynovanın günahsız olduğunu deyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum Xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

sabahinfo.Az-ın APA-ya istinadla məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə İlhamə Quliyevanın oğluOrxan Nadirov şahid qismində ifadə verib.

O, istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirib ki, Mehriban Hüseynovada təqsir görmür:

"Vüqar Bəkirov dedi ki, saxta vəsiyyətnamə var, onu təsdiqlətmək istəyirlər. Vüqar Mehriban Hüseynovanın səs yazısını təqdim etmişdi. Səs danışığında Mehriban Vüqardan dərman istəyir. Vüqar bunları mənə deyəndən sonra, İlhamə Quliyevaya da dedi. İstintaq zamanı ifadə verəndə əsəbi idim. Fikirləşirdim ki, İlhamə Quliyeva ilə münasibətimizi Mehriban pozub. Amma sonra gördüm ki, Mehriban zəif bənd kimi qurban gedib. İlhamə xanım da əsəbi adam idi, tez özündən çıxırdı. Anamla münasibətim may ayında pozulmuşdu. Həmin vaxt o, əməliyyat olunmuşdu. Zəng edib danışmışdım. Vüqar Bəkirovun isə mənimlə şəxsi düşmənçiliyi var imiş. Ona cinayət işi açılanda məni də şərləmək istəyirdi. O, həbs olunandan sonra mən çox şeyi bilmişəm. Vüqar hər şeyi mənə başqa cür deyirdi. Bu plan da Vüqarın idi. Sadəcə, Mehribanı verdi qabağa. Mehribanı da təhrik edən o olub”.

Prokuror isə onun istintaq zamanı verdiyi ifadə ilə indiki arasında ziddiyyət olduğunu deyib. O.Nadirov ifadəsinin bəzi hissələrindən imtina etdiyini deyib. Bildirib ki, M.Hüseynovaya qarşı qərəzli ifadə verib.

Proses oktyabrın 4-də davam edəcək.

Xatırladaq ki, prosesdə adı hallandırılan Vüqar Bəkirov İlhamə Qulivevanın oğlu Orxan Nadirovun dostu olub.

V.Bəkirov bu ilin may ayında Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinərək Yasamal Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən prosesdə məhkəmədə ifadə verən V.Bəkirov Mehriban Hüseynovanın İlhamə Quliyevanı öldürmək üçün ona müxtəlif dərmanlar almağı tapşırdığını açıqlayıb. 

Qeyd edək ki, M.Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ.Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ.Quliyeva bu il fevralın 25-də vəfat edib.