Bu ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artıb. sabahinfo.az saytı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,5 faiz bahalaşıb. İyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,3 faiz ucuzlaşıb. Qeyri-ərzaq məhsullarının qiymətləri 0,3 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.
Ay ərzində düyünün, qarabaşaq yarmasının, yulaf və arpa yarmasının, toyuq ətinin, kərə və zeytun yağlarının, limonun, naringinin, çiyələyin qiymətlərində bahalaşma, makaron məmulatlarının, mal və qoyun ətinin, pasterizə olunmamış üzlü südün, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, armudun, bananın, gilasın, alçanın, əriyin, şaftalının, pomidorun, xiyarın, badımcanın, yerkökünün, çuğundurun, bibərin, göy lobyanın, kələmin, kartofun, sarımsağın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İyun ayında may ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, televizor və kompyuterlərin, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər qeydə alınmayıb.
Ümumiyyətlə, bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,4 faiz artıb.
May ayında aprelə nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,7 faiz azalıb, qeyri-ərzaq məhsulları 0,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,2 faiz bahalaşıb.