Ukrayna təhlükəsizlik xidməti SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun ölkəyə girişinə beş illik qadağa qoyub, bu barədə qurum Twitter-də xəbər verib.
sabahinfo.az BBC-yə istinadən bildirir ki, qadağanın səbəbi Qorbaçovun Krımın Rusiya tərəfindən anneksiya edilməsinə verdiyi açıq dəstək olub.
Ötən həftə 85 yaşlı siyasətçi Sunday Times qəzetinə müsahibə verərək bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin yerində olsaydı, o da Krıma münasibətdə belə mövqe tutardı.
"Mən hər zaman xalqın öz iradəsini ifadə etməsinin tərəfində olmuşam, Krımda isə çoxluq Rusiyaya birləşmək istəyirdi", - Qorbaçov deyib.
"Xalq cəbhəsi" fraksiyasından olan millət vəkili Anton Gerashenko bəyan edib ki, təhlükəsizlik xidmətinə Qorbaçovu Ukraynanın ərazi bütövlüyünə çağıran şəxslərin "qara siyahısına" salmağı təklif edəcək.