Səlim Müslümovun 55 yaşı tamam olur

Noyabrın 1-də Əmək və əhalinin sosial müdafiəsi naziri, iqtisad elmləri doktoru, professor Səlim Müslümovun 55 yaşı tamam olur.

 

S.Müslümov 1961-ci il noyabrın 1-də anadan olub. 1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunun Uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirmiş və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək İqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb. 1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olub. 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb.

 

2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin Sədr müavini təyin edilib. 17.01.2002-ci ildə Azərbaycan  Prezidentinin Fərmanı ilə ona gömrük xidməti general-mayoru rütbəsi verilib. 2002-ci ilin 17 dekabr tarixində Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyin edilib.

 

2004-cü il sentyabrın 18-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının Pekində keçirilən 28-ci Baş Assambleyası zamanı bu qurumun Büro üzvü seçilib. 2006-cı ilin fevral ayında doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. İqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak etmişdir. 4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir.

 

22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.

 

Rus və ingilis dillərində sərbəst danışır. Evlidir, 3 övladı var. Ümumilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkənin sosial inkişaf modelini formalaşdıran siyasətinin əhalinin sosial müdafiəsi, əmək və məşğulluq, tibbi-sosial ekspertiza təminatı, eləcə də sosial sığorta, fərdi uçot və pensiya təminatı sahələrində S.Müslümovun rəhbərliyi ilə sürətli islahatların aparılması nəticəsində ölkədə şəffaf infrastruktur üzərində qurulmuş yeni avtomatlaşdırılmış sosial müdafiə modeli bu gün artıq dünyada qabaqcıl təcrübə kimi təbliğ olunmaqdadır.