Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyinin sifarişi ilə "Neftqaztikinti” Tresti 28 May adına NQÇİ-nin istismar etdiyi "Günəşli” yatağında 10 saylı dərin dəniz özülünün qəzadan sonra yenidən qurulması layihəsi üzrə aparılan tikinti-quraşdırma işlərini başa çatdırmaq üzrədir.
Bu barədə Sabahinfo.az SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, həyata keçirilən təmir-bərpa işləri çərçivəsində indiyədək özüldəki 30 quyunun quyuağzı avadanlıqları təftiş edilib, təhlükəsiz iş şəraiti yaradılıb.
"Özüldə yararsız hala düşmüş 2600 tona yaxın metal-konstruksiya sökülüb, 4 modul bərpa edilib, hər birinin çəkisi 330 ton olan 2 qülləaltı modul hazırlanaraq dənizdəki yerində quraşdırılıb. Həmin modullar üzərində qülləaltı postament və qüllə quraşdırılıb, quyuların təmir-bərpa işlərinə başlanılıb.
Özüldə yararsız hala düşmüş 2 ədəd kran, Türkiyə istehsalı olan 2 ədəd yeni kranla (qolunun uzunluğu 18,2 m, yükqaldırma qabilliyəti 32 ton) əvəz olunub. Yararsız hala düşmüş 4 yanalma meydaçasından 2-si yenilənib, 2-si isə təmir edilib.
İstismar modulu ilə yaşayış bloku arasında odadavamlı divar səddi çəkilib, yanğınsöndürmə sistemi bərpa edilib, işıqlandırma sistemi yenilənib. 4 ədəd 42 nəfərlik xilasetmə qayığı və 1 ədəd 20 nəfərlik xilasetmə salı hazır vəziyyətə gətirilib, işçilər zəruri fərdi mühafizə vasitələri ilə təmin olunublar. Helikopter meydançası təmir edilərək hazır vəziyyətə gətirilib”, - deyə qeyd olunub.
Bildirilib ki, hazırda işıqlandırma dövrələrinin, köməkçi avadanlıqların kabelləşməsi, kabel yollarının quraşdırılması işləri davam etdirilir:
"Özüldə quraşdırılacaq 6 kV-luq paylayıcı qurğunun binasında işlər yekunlaşmaq üzrədir və yaxın vaxtlarda platformada quraşdırılması planlaşdırılır. Məlum olduğu ki, bu günlərdə texnoloji sistem bərpa edilib və ilk quyu - 43 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Özüldəki daha iki quyunun - 340 və 160 nömrəli quyuların əsaslı təmiri davam etdirilir. Yaxın günlərdə bu quyuların istismar fonduna qaytarılması gözlənilir”.
Təmir-bərpa işləri zamanı özüldə ekoloji vəziyyətə nəzarət olunub, ekoloji monitorinq keçirilib, çatışmazlıqlar aradan qaldırılıb. İşçilərin təmiz suya olan tələbatının ödənilməsi üçün "Əks Osmos” qurğusu quraşdırılıb.