Türkiyədə terror niyə adi hala çevrildi?

Son zamanlar dünyanı terror dalğası bürüyüb.

 

Terror hadisələri Türkiyədən də yan keçməyib. Əvvəllər insanlar Türkiyədə törədilən belə hadisələr zamanı böyük həyəcan, qorxu və narahatlıq  keçirirdilər. İndi isə insanlarda bu tendensiya getdikcə aradan qalxır. Necə deyərlər, artıq Türkiyə də terrora öyrəşib.

 

Bu məsələ ilə bağlı "Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a danışıb.

 

"Əvvəllər Suriyada 3-5 nəfərin ölümü beynəlxalq aləmdə də narahatlıq yaradırdı. Amma indi həftə ərzində yüzlərlə insan tələf olur. Demək olar ki, heç bir reaksiya yoxdur. Artıq bəşəriyyət də buna alışıb” –deyə E. Şahinoğlu bildirib.

 

Ekspertin sözlərinə görə, artıq insanlar da  Türkiyədə baş vermiş hadisələri adi bir hal kimi qəbul edirlər.

 

"Türkiyə son hadisələrə qədər yalnız bir terrorçu təşkilatla savaşlırdı. O, da PKK və digər gizli solçu təşkilatlar idi.  İndi isə Türkiyə PKK ilə yanaşı daha 3 terror təşkilatı ilə üz-üzə dayanıb. Onların 2-si Suriyadadır. Artıq Türkiyə PKK, PYD və İŞİD-lə mübarizə aparır”.

 

Politoloq qeyd edib ki, bu qruplaşmaların hədəfində Türkiyə və onun vətəndaşları var.

"Məhz buna görə, Türkiyədə partlayışların sayı artıb. Ona görə də bu hadisələrə alışqanlıq yaranıb. Ankarada heç zaman partlayışlar olmazdı. Amma son 2 ildə orda necə böyük partlayışlar törədilib”.

O, ümumiyyətlə bölgədə vəziyyətin çox ağır olduğunu da deyib.

 

"Türkiyə bölgənin tərkib hissəsi olaraq vəziyyətdən çıxış yolları axtarır. Suriya, İraq demək olar ki, dağılıb. Amma Türkiyə demokratiyasından əl çəkmir. Bütün çətinliklərə rəğmən Türkiyə iqtisadiyyatı və dövləti inkişafdadır. Regionun əsas dövlətidir”.

 

E.Şahinoğlunun fikrincə,  Türkiyə hələ bu terror qruplarının hədəfləri ilə çox üzləşəcək. 

"Çünki Suriyada və İraqda bu cür müharibələr davam edir və həmin ərazilərdə daha çox terror qruplaşmaları var. Məhz buna görə də Türkiyə ordusu Suriyada və İraqda varlığını qoruyur”.