İstanbulda Veznecilər metro stansiyasının yaxınlığında çevik qüvvələrə aid avtobusa hücum PKK-nın şəhərdə fəaliyyət göstərən qolu kimi tanınan TAK tərəfindən törədilib.
sabahinfo.az xəbər verir ki, bu iddia ilə hökumətə yaxınlığı ilə tanınan "Hürriyyət” nəşrinin yazarı Abdülkadir Selvi çıxış edib.
Onun sözlərinə görə, "düşmən qardaşlar” olan PKK və İŞİD arasında bir müddətdir iş bölgüsü var idi: "İŞİD İstanbulda, PKK Ankarada hərəkət edirdi. Ancaq bu iş bölgüsü çox uzun sürmədi. İstanbulda Veznecilər metro stansiyasının yaxınlığında bomba yüklü avtomobillə edilən hücumun arxasından PKK-nın şəhər qolu olan TAK çıxdı”.
Yazar qeyd edir ki, PKK bomba yüklü avtomobillə hücum taktikasını Suriyada İŞİD-dən öyrənib.
"Bomba yüklü avtomobilin hazırlanması, terror hücumu həyata keçiriləcək yerinin müəyyən edilməsi, avtomobilin əraziyə gətirilərək yerləşdirilməsi, çevik qüvvələri daşıyan avtobusun marşrutu və keçmə saatının müəyyən edilməsi yüksək mütəşəkkillik və koordinasiya tələb edir. Terror hücumundan əvvəl bölgədə yüksək səviyyədə kəşfiyyat aparılıb”, - Abdülkadir Selvi bildirib.
Qeyd edək ki, terror hücumu nəticəsində 7 polis və 4 mülki vətəndaş həyatını itirib, 36 nəfər yaralanıb.