Müasir qloballaşan dünyada mədəniyyətin, incəsənətin önəmi ölkələrin formalaşdırdıqları imiclərinə birbaşa təsirdə ehtiva olunur. Bu, qlobal subyektlər üçün həm də dolayısı ilə güc nümayişidir. Təsadüfi deyil ki, beynəlxalq yarışlara, yaxud hər hansı tədbirə ev sahibliyi edən istənilən dövlət bütün imkanlarda özünün güc və imkanlarını ilk növbədə mədəni zənginliyi, tarixi ənənələrinin fərqli çalarları ilə nümayiş etdirmək fürsətini qaçırmamağa çalışır. Bu tezis özünü Azərbaycanda da tam əzəməti ilə dəfələrlə isbat etmişdir. Misal olaraq 2015-ci ildə keçirilən I Avropa Oyunlarının istər açılış, istərsə də qapanış mərasimləri zamanı hazırlanmış xüsusi nömrələr, vizual göstərilər həm Azərbaycanın tarixi zənginliyinin, həm də ölkəmizin modern inkişaf səviyyəsinin dünyaya çatdırılması ilə milli maraqların təntənəsi hesab oluna bilər.
Bu baxımdan məzmunundan asılı olmayaraq beynəlxalq status qazanmış hər bir yarış, tədbir və layihəyə ev sahibliyinin ölkəmizə təsiri birmənalı olaraq müsbətdir. Biz bu məsələyə ölkəmizin qlobal arenada müsbət imicinin inşasının vacib aspekti fonunda regionda mövqeyinin möhkəmləndirilməsi prosesi kimi yanaşırıq. Bu mənada, paytaxt Bakının Formula 1 yarışlarının final mərhələsinə ev sahibliyi həm də təhdidlərlə dolu müasir dünyada Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi edə bilən sabit və təhlükəsiz ölkə olması reallığını nümayiş etdirir.
Sosial, mədəni və iqtisadi aspektlərinə gəlincə, Formula 1 yarışlarının Azərbaycanda təşkili tarixinə nəzər yetirsək, müşahidə edərik ki, ilk ildən etibarən yarış həftələri bir qayda olaraq ölkədə gözlə görüləcək turist axını və dünya mediasının ölkəmizə artan diqqəti ilə müşayət edilir. Xüsusən F1 sürücülərindən əfsanəvi Luis Hamilton, Oskar Piastri, Lando Norris kimi ulduz pilotların Bakı küçələrində mübarizəyə qoşulması pərəstişkarların və eləcə də dünya mediasının diqqətini Bakı Qran-Prisinə cəlb edir.
Tədbirin konsepsiyasına müvafiq olaraq dünya ulduzlarının iştirakı ilə hər günün sonu baş tutan möhtəşəm konsert-şoular fonunda yarışlar üçün ölkəmizə yalnız F1 azarkeşləri yox, eləcə də mədəniyyət və incəsənət dünyasını yaxından izləyən böyük kütlə təşrif buyurur.
Azərbaycanın Formulaya ev sahibliyi dövründə ölkəmizdə 10-dan çox dünya miqyaslı incəsənət xadiminin, o cümlədən Grammy və Oscar kimi mükafatlara sahib ulduzların, eləcə də Ginnesin Rekordlar Kitabına düşmüş müğənnilərin xüsusi konsert şouları baş tutmuşdur. Məsələn Spotify-da 40 milyarddan çox dinlənmə ilə rekord qıran Dua Lipa, dünyada 220 milyondan çox albomu satılan Mariah Carey, silsilə uğurlu sinqlları ilə Ginnesin Rekordlar Kitabına düşmüş Cardi B, Grammy mükafatı almış Jamiroquai konsertləri beynəlxalq medianın Azərbaycana fokuslanmasına səbəb olmuşdu. Rəqəmsallaşan dünyada və eləcə də sosial platformaların bu dərəcədə genişləndiyini bir dövrdə bu formatın ölkəmizin tanınması və Azərbaycana artan marağın dinamikasında yaratdığı müsbət təsir danılmazdır.
Dünya turneləri, yaxud bu cür tədbir və böyük konsertlərin keçirildiyi şəhərlərdə bu tədbirlərin baş tutduğu həftə statistik olaraq gəlirli dövr hesab olunur. Buna spesifik nümunə göstərmək lazım gələrsə, Beyonce-nin 2023-cü ilin may ayında "Renaissance" turnesinin ilk 2 konsertinin baş tutduğu həftə İsveç iqtisadiyyatında aylıq 8,7% artıma səbəb olmuşdu.
F1-ə ev sahibliyinin digər önəmli istiqaməti sosial aspektdə ifadə olunur və xüsusən gənclərin taleyində önəmli perspektivlərə yol açır. Tədbir prosesə cəlb olunan istedadlı gənclərin sağlam rəqabət şəraitində möhtəşəm təcrübə əldə etməsinə imkan yaradır.
Böyük hərbi-siyasi Zəfərimizdən sonra Azərbaycana Qərbdən çoxsaylı hücum cəhdlərini nəzərə aldıqda, Formula 1 kimi dünyamiqyaslı yarışın ölkəmizdə keçirilməsinin əhəmiyyəti hər ötən il daha da artır. Bu yarışların uğurla təşkili Azərbaycana qarşı qarayaxma kampaniyaları və ədalətsiz hücumların qarşısında müstəsna effektə malik cavab aləti və cənab İlham Əliyevin başçılığı ilə qazanılmış böyük Qələbə sonrası yeni dövr Azərbaycanın güc və imkanlarının təsdiq imkanı kimi çıxış edir.
İbrahim Zahidli
EU Business School Geneva məzunu