Futbolun yeni kralı – Ronaldo Peleni keçdiyini elan etdi

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo Peleni keçərək futbol tarixinin ən yaxşı bombardiri olduğunu elan edib.

Qol.az xəbər verir ki, bu barədə portuqaliyalı hücumçu özünün İnstaqram səhifəsində məlumat yayıb. Ronaldo yazıb:

“757 qol vurmuş Peleni keçərək futbol tarixinin ən yaxşı bombardiri olmağımla bağlı son həftələr çoxlu xəbər və statistika yayılıb. Bu etiraflara görə təşəkkür etməklə həmin rekordu indiyədək qəbul etməməyimin səbəbini açıqlamaq məqamının yetişdiyini düşünürəm.

Edson Arantes do Nasimentoya əbədi və qeyd-şərtsiz heyranlığım, 20-ci əsrin ortalalarının futboluna olan hörmətim məni Pelenin 767 qol vurduğuna inandırdı. O, San-Paulu ştatının yığma komandasında 9, həmçinin hərbçilərin komandasında bir rəsmi qol vurub.

O vaxtdan dünya da, futbol da dəyişib. Amma bu o demək deyil ki, biz öz maraqlarımız naminə tarixi silməliyik. Bu gün mən karyeramda rəsmən 770 qol həddinə çatmaqla ilk növbədə Peleyə müraciət edirəm. Dünyada elə bir oyunçu yoxdur ki, Pelenin uğurları, qolları və oyunları ilə bağlı hekayələrlə böyüməsin. Mən də istisna deyiləm. Ona görə də mən sevinc və qürurla Pelenin rekordunu qıraraq dünyada bombardirlər siyahısında birinci yerə yüksəldiyimi qəbul edir və qeyd edirəm ki, Madeyrada böyüyəndə bunu heç arzulaya bilməzdim.

Hamıya mənimlə bu yolda olduğuna görə təşəkkür edirəm. Klubdakı yoldaşlarıma, rəqiblərimə, bu gözəl oyunun bütün dünyadakı fanatlarına, ilk növbədə isə ailəmə və dostlarıma təşəkkür edirəm. İnanın ki, mən sizlər olmadan bunu bacara bilməzdim.

İndi isə mən gələcək oyunlar və sınaqlara, növbəti rekord və titullara köklənirəm. İnanın ki, bu tarixin bitməsinə hələ çox var.

Gələcək irəlidədir. “Yuventus” və Portuqaliyanın isə hələ çox işi var. Bu səyahətdə mənə qoşulun. İrəli!”.

Qeyd edək ki, Pele özü də onun rekordunu keçməsi münasibəti ilə Ronaldonu təbrik edib.

“Sənin necə də gözəl karyeran var. Səninlə fəxr edirəm və bu, heç kim üçün sirr deyil. Mənim rekordumu qırmağın münasibəti ilə səni təbrik edirəm. Sənin şərəfinə böyük sevgiylə bu paylaşımıma səninlə şəklimi də əlavə edirəm.  Bu, bizim çoxillik dostluğumuzun rəmzidir” – deyə o, Tvitterdə yazıb.