Azərbaycan-Litva münasibətləri, hər iki ölkənin müstəqillik əldə etməsindən sonra artan xəttlə inkişaf edir. Azərbaycan Respubikasının Prezidenti cənab İlham Əliyevin Vilnüsə rəsmi səfəri, bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes forumda çıxış etməsi faktı iki ölkənin müxtəlif sahələr üzrə əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir. Litva hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləmiş, istər parlamentlərarası, istərsə də müxtəlif nazirliklər və idarələr arasında əlaqələr müntəzəm olaraq inkişaf etmiş, əməkdaşlıq genişlənmişdir. İkitərəfli münasibətlər çərçivəsində qarşıya qoyulan vəzifələr hər iki dövlət tərəfindən yerinə yetirilir və əldə olunan nəticələr daha geniş perspektivlər vəd edir.
Ölkələrimiz arasında rəsmi qaydada qurulmuş yüksək əlaqələr isti, mehriban və dostluq münasibətlərinin yaranmasına da zəmin yaratmışdır. Əlbəttə, bu, Azərbaycana - dövlətimizə və onun rəhbərinə olan hörmətin, rəğbətin təcəssümüdür.
Prezident cənab İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə ətraf mühitin mühafizəsi sahəsində, gənclər siyasəti sahəsində, həmçinin, Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı əməkdaşlıq sənədləri imzalanmışdır. Bununla yanaşı Azərbaycanın Avropanın mühüm enerji tərəfdaşı olması da gələcək əlaqələrin qurulmasında rol oynayacaq. Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Xəzər və Baltik regionları arasında şəbəkənin qurulması Avropada yeni vəziyyəti diqtə edir və gələcək perspektivlərə zəmin yaradır.