Azərbaycanın artan iqtisadi-maliyyə qüdrəti son 5 ildə dövlət büdcəsinin gəlir və xərclərinin yüksəliş dinamikasını davamlı təmin edib, büdcənin gəlirləri 2019-cu ildəki 23,1 milyard manatdan 2024-cü ildə 36,4 milyard manata çatdırılmaqla 13,3 milyard manat və ya 58 faiz artıb. Büdcənin xərcləri isə sözügedən dövrdə 25,1 milyard manatdan 39,8 milyard çatdırılmaqla 14,7 milyard manat və ya 55 faizə yaxın yüksəlib. Büdcədə sosial xərclərin artımı son 5 ildə 2,4 milyard manatdan 4,9 milyard manata qədər artırılıb. Bu dövrdə Dövlət Sosial Müdafiə Fondunun büdcə gəlirləri və xərcləri isə 40 faizdən çox artaraq 3,9 milyard manatdan 7,3 milyard manata çatıb. Büdcə gəlirləri və büdcədənkənar fondun gəlirləri hesabına ölkəmizdə sosial sahələrdə əsaslı irəliləyişlərə nail olunub, vətəndaşların rifahının daha da yüksəldilməsi və onların həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində güclü maliyyə təminatları yaradılıb. Bu siyasət davamlı və daha da genişhəcmli xarakter daşıyır və 2025-ci ildə əhatəli sosial dəstək tədbirləri həyata keçiriləcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin büdcə zərfi də sosialyönümlüdür, büdcədə sosial xərclərin məbləği 41 faiz təşkil edəcək. Bu, dövlətin yürütdüyü siyasətdə vətəndaşların sosial rifahının mühüm prioritet təşkil etdiyini göstərir: “Büdcədə birbaşa sosial xərclərin maliyyə tutumu 20 milyard manata yaxındır. Təkcə, sosial müdafiə və sosial təminat xərcləri 4,8 milyard manat təşkil edir. Bundan başqa, Dövlət Sosial Müdafiə Fondunun büdcə gəlirləri 7,8 milyard manat olmaqla, növbəti ildə sosial xərcləri qarşılamaq üçün əhəmiyyətli maliyyə mənbəyi formalaşacaq. Ümumilikdə, gələn il növbəti sosial islahat paketi icra olunacaq. Minimum əməkhaqqı və pensiya, təqaüd və sosial müavinətlər artırılacaq. Minimum əməkhaqqı 345 manatdan 400 manata qaldırılacaq, yəni, təxminən 16 faizədək artırılacaq. Minimum pensiya da təxminən 10 faiz artacaq.
2025-ci il üçün yaşayış minimumu və ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarı həddi 285 manat məbləğində müəyyən olunacaq. Cari il üçün hər iki göstərici 270 manat məbləğində təsdiq edilmişdi. Yəni gələn il hər iki rəqəm 5 faizdən çox artırılacaq. Beləliklə, 2025-ci ildə ehtiyac meyarının 270 manatdan 285 manata çatdırılması sayəsində ünvanlı sosial yardımın aylıq məbləğinin də yüksəlməsi və əhatəsinin genişlənməsi üçün hüquqi əsas yaranacaq. Hazırda bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta məbləği təxminən 480 manat təşkil edir. Bu o deməkdir ki, gələn bu yardımın məbləği 7-8 faiz artmaqla, 500 manatı keçəcək”.
A.Hüseynov bildirib ki, ümumiyyətlə, 2025-də əhalinin həssas təbəqəsinin xərcləri üçün dövlət büdcəsindən 2 milyard 600,2 milyon manat vəsait ayırmaq nəzərdə tutulub: “Buna yașa, əlilliyə, ailə başçısının itirməyə və digər sosial müavinətlərin və müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan șəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Prezident təqaüdlərinin maliyyələșdirilməsi üçün 1 milyard 942,9 milyon manat (2024-cü ilə nisbətən 55,4 milyon manat və ya 2,9 faiz çox), ünvanlı dövlət sosial yardımlarının verilməsinə görə 457,3 milyon manat, "Azərbaycan Respublikası Məșğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nın icrasına uyğun olaraq işsiz şəxslərin məșğulluq imkanlarını artırmaq məqsədilə haqqı ödənilən ictimai işlərlə bağlı xərclərə isə 200 milyon manat da daxildir”.