Gənc pianoçunun Niderlandda "Şuşa ili"nə həsr olunan konsertdə uğurlu ifası

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2022- ci il Şuşa ili” sərəncamına müvafiq olaraq, 26 mart 2022- ci il tarixində Niderland Respublikasının Haaqa şəhərində, Azərbaycan- Niderland Odlar Yurdu Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə “Şuşa ili”nə həsr olunmuş möhtəşəm konsert keçirilmişdir. Cəmiyyətinin dəvətilə konsertdə iştirak edən respublika və beynəlxalq müsabiqələr laureatı, Avstriyanın Anton Brükner adına Konservatoriyasının II kurs tələbəsi, gənc pianoçu Ayan Məmmədlinin çıxışı iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. “Dəfələrlə müxtəlif avropa ölkələrində Beynəlxalq müsabiqələr və konsertlər zamanı səhnəyə çıxanda ürəyimdə tutduğum ən böyük arzum, Qalib Azərbaycanın vətəndaşı kimi çıxmaq və azad Qarabağımızı  tərənnüm etmək olmuşdur. Bu gün bu arzum gerçəkləşdiyi üçün çox xoşbəxtəm və "Şuşa ili"ndə sizə öz sevincimi ifalarımla çatdıracam” deyərək, böyük səhnədə qonaqlar qarşısında çıxış edən Ayan Məmmədli həm hollandiyalı, həm xaricdə yaşayan, həm də orada işgüzar səfərdə olan azərbaycanlı və digər əcnəbi tamaşaçılar üçün milli və Avropa bəstəkarlarının əsərlırini, milli xalq mahnılarını xüsusi şövqlə ifa etmişdir. Ayan Məmmədlinin istər pianoda solo ifaları, istərsə də vokalist müğənni, Azərbaycan - Niderland Odlar Yurdu Cəmiyyətinin sədri Frəngiz Bağırovanın, Azərbaycanın Əməkdar artisti, kaman ustası Xəyyam Məmmədovun və gənc tarzən Cavid Səlimovun ifalarını ustalıqla müşayət etməsi tamaşaçılar tərəfindən böyük hərarətlə qarşılanmışdır.  Tədbirdə qonaq qismində iştirak edən və Haaqa Beynəlxalq Məhkəməsində işgüzar səfərdə olan Azərbaycan, Niderland, Əfqanıstan, Şimali Koreya, Vyetnamdan olan tamaşaçılar,  keçirilən konserti, xüsusən Azərbaycan musiqilərini çox bəyəndiklərini və Ayan Məmmədlinin ifalarını heyranlıqla dinlədiklərini bildirmişlər. Sonda Ayan Məmmədli yüksək idaçılıq qabiliyyəti və səhnə mədəniyyətinə görə Cəmiyyət tərəfindən xüsusi təşəkkürnamə ilə mükafatlandırılmışdır.

 

Ətraflı

 

Ad - 00:29