GÖMRÜK AKADEMİYASININ TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində istehsalat təcrübəsinə cəlb olunan Gömrük Akademiyasının  tələbələri ilə görüş keçirilib.

Ölkəmizdə elmə, təhsilə xüsusi  önəm verildiyini bildirən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, ümummilli lider Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi uzaqgörən siyasətindən bəhs edib. Bildirilib ki, Ulu öndər elm və təhsil sahəsində mütərəqqi, qabaqcıl təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiq edilməsi məqsədilə gənclərin xarici ölkələrdə təhsil alması üçün xüsusi proqram reallaşdırıb və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Gömrük işinin təşkili sahəsində də elmi əsaslara söykənən institusional yanaşmalara xüsusi önəm verildiyi vurğulanıb, gömrük orqanlarının kadr potensialının formalaşdırılmasında, bilikli və istedadlı mütəxəssislərin yetişdirilməsində Gömrük Akademiyasının rolu qeyd edilib.

Nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların, istehsalat təcrübəsinin də xüsusi əhəmiyyət daşıdığı, bu baxımdan Akademiyanın tələbələrinin Komitənin müxtəlif struktur bölmələrindəki fəaliyyətləri dövründə əldə edəcəkləri bilik və bacarıqların, qazanacaqları iş təcrübəsinin ixtisaslı kadrlar kimi yetişmələrində mühüm rol oynayacağı diqqətə çatdırılıb və onlara uğurlar arzulanıb.

Qeyd edək ki, ümumilikdə Gömrük Akademiyasının 81 tələbəsi Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində 14 həftəlik istehsalat təcrübəsinə cəlb olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi