Gürcüstan və Azərbaycan mühüm strateji tərəfdaşdır

Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən əsas regiondur. Bu mənada  Azərbaycan-Gürcüstan əlaqəsi əvəzolunmazdır. Məhz buna görə də Bakı ilə Tbilisi arasında məhsuldar dialoq təkcə bizim ölkələrimiz üçün deyil, həm də region üçün vacibdir.  Gürcüstanın baş naziri  İrakli Kobaxidzenin    Azərbaycana səfəri ötən ilin oktyabrında keçirilən seçkilərdən sonra ilk xarici səfəridir. Prezident İlham Əliyev də  Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündən sonra mətbuata verdiyi bəyanatında bunu xüsusi olaraq vurğuladı: “Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bu qərara görə Sizə xüsusilə təşəkkürümü bildirmək istəyirəm”.   Əlbəttə ki, bunun bir çox səbəbləri var. İlk növbədə  xalqlarımız əsrlər boyu qonşu olub və bu gün iki müstəqil dövlət arasında əsl mehriban qonşuluq nümunəsi olan möhkəm və qarşılıqlı faydalı münasibətlər qurulmuşdur. Ölkə başçımızın dediyi kimi, “Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlərdə uğurla inkişaf edir. İnanıram ki, siyasi əlaqələrimiz bütün qonşularımız üçün nümunə ola bilər”. 

 Rəsmi Bakı və Tbilisi birgə layihələr hazırlamaq və ümumi planlar qurmaqla bu əlaqələri möhkəmləndirməkdə davam edirlər. Hazırda Gürcüstanın yeni hökuməti üçün işlər asan deyil. Azərbaycanın otuz il əvvəl keçdiyi yolu ölkə də keçir. Gürcüstan kənar müdaxilələrlə üzləşdi, lakin Azərbaycan kimi o da öz müstəqilliyini və dəyərlərini qoruya bildi. Ölkəmiz bütün bu çətin dövrdə Gürcüstanın yanında olub. Azərbaycanın təcrübəsi, Gürcüstana olan münasibəti, dəstəyi Tiflisə kənardan görünməmiş təzyiqlərə müqavimət göstərmək üçün inam və güc verdi. Təsadüfi deyil ki, İrakli Kobaxidze Prezident İlham Əliyevlə görüşdən sonra demişdi: " Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur”.

Regionun gələcəyi əməkdaşlıqdadır.  Gürcüstan bu reallığı yaxşı dərk edir və Azərbaycanla əlaqələrini daha da gücləndirir. Azərbaycan Gürcüstanın beş ən böyük iqtisadi tərəfdaşından biridir, ölkəmiz Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. İki ölkə həm regional, həm də qlobal əhəmiyyətli layihələri birgə həyata keçirir. Azərbaycan nefti və qazı Gürcüstandan keçir, Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi Gürcüstan ərazisindən keçir və yaxın vaxtlarda elektrik enerjisi dəhlizinin çəkilməsi işlərinə başlanacaqdır. Ümumi ixracın 10 faizi Gürcüstanın payına düşür. Həmçinin,  Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Hər iki ölkənin  mənafeyinə uyğun olan Orta Dəhliz layihəsi  böyük coğrafiyanı əhatə edən layihədir. Orta dəhliz hazırkı geosiyasi şəraitdə Avropa ilə Asiya arasında əlaqə üçün xüsusi əhəmiyyət kəsb edir.  Xatırladaq ki, 2022-ci ilin dekabrında Macarıstan, Rumıniya və Aİ-nin iştirakı ilə Qara dənizin dibi ilə çəkiləcək elektrik xətti ilə Azərbaycandan Avropaya yaşıl elektrik enerjisinin ixracına dair saziş imzalanıb. Kabel Gürcüstandan Rumıniyaya qədər uzanacaq. Bu, bütün iştirakçı ölkələrin və Avropa İttifaqının çox maraqlı olduğu möhtəşəm layihədir. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.

Öz növbəsində Gürcüstanın baş naziri  İrakli Kobaxidze   Azərbaycan-Gürcüstan münasibətlərinin iqtisadi aspektinin çox vacib olduğunu vurğulayaraq, bildirib ki,  iki ölkənin birgə layihələri strateji və iqtisadi əhəmiyyət kəsb edir. O qeyd etdi ki,  Azərbaycan Respublikası Gürcüstan  üçün dəyərli dost olmaqla yanaşı, həm də etibarlı tərəfdaş və qardaş ölkədir. 

Azərbaycan-Gürcüstan münasibətlərinin əsası hələ 90-cı illərdə ümummilli lider Heydər Əliyev və Gürcüstanın lideri Eduard Şevardnadze tərəfindən qoyulmuşdur. Sonrakı dövrdə əlaqələr fəal şəkildə inkişaf etdi və möhkəmləndi. Bakı və Tbilisi əsl dost olduqlarını dəfələrlə sübut ediblər. Yada salaq ki, Azərbaycan Gürcüstana onun üçün kritik bir dövrdə - 2008-ci ilin qışında hansı yardımı göstərdi. Azərbaycan qazı sayəsində yanacaqsız qalan ölkə soyuqdan sağ çıxa bildi, Gürcüstan sənayesi dayanmadı. Qonşu ölkədə bu hələ də xatırlanır, danışılır. İkinci Qarabağ müharibəsi zamanı qardaş ölkənin Azərbaycana göstərdiyi dəstəyi də xatırlayaq: Gürcüstan işğalçı Ermənistana silah çatdırmaq imkanını əngəlləyib və erməni diasporundan olan qondarma “könüllülərin” sərhədi keçməsinə imkan vermədi. Ölkələrimiz arasında əsl mehriban qonşuluğun çoxlu nümunələri var. Bu iki ölkə regionun ənənəvi ailə dəyərlərini, milli mədəniyyətini, ləyaqətini və tarixi irsini qoruyub saxlayır.

Azərbaycan və Gürcüstan arasında münasibətlərin siyasi komponenti Cənubi Qafqazda iqtisadi artıma və davamlı sabitliyin təmin edilməsinə töhfə verən regional inkişafda mühüm amil olaraq qalır. Hər iki ölkə digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə, beynəlxalq münasibətlərə, ədalət və ümumi təhlükəsizliyə nail olmaq üçün beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir. Strateji müstəvidə möhkəm əlaqə və qarşılıqlı maraqlar onları beynəlxalq siyasətdə ciddi qüvvəyə və nüfuzlu aktora çevirir. Bu da öz növbəsində regionumuzda sabitliyin qorunmasına öz töhfəsini verir.Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, rifahın və inkişafın dayaq nöqtələridir. Gürcüstanla Azərbaycan arasında münasibətlər coğrafi yaxınlıq, tarixi əlaqələr, iqtisadiyyat və regional təhlükəsizlik sahələrində ümumi maraqlar sayəsində formalaşmış güclü tərəfdaşlıqla səciyyələnir. Azərbaycan ilə Gürcüstan arasında dostluq çox qədim tarixə malikdir, iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. 

Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova