“Gürcüstan naminə Lelo” müxalifət partiyası hökumət təyyarəsindən şəxsi məqsədləri üçün istifadə etdiyi iddia edilən baş nazir İrakli Qaribaşviliyə qarşı impiçment proseduruna başlamağı planlaşdırır.
Bu barədə partiyanın siyasi şurasından məlumat verilib.
“Lelo partiyası baş nazir Qaribaşvilinin törətdiyi mümkün cinayətlə bağlı impiçment proseduruna başlamaq qərarına gəlib”, - məlumatda deyilir.
Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə Qaribaşvilinin ABŞ-də olduğunu göstərən fotoşəkil yayılıb. Gürcüstan hökumətinin Strateji Kommunikasiyalar Departamenti bu məlumatı təsdiqləyərək, kabinet rəhbərinin Pensilvaniya Universitetinə daxil olan oğlunun yanında olduğunu qeyd edib. Departament onun ABŞ-yə şəxsi səfəri üçün çarter reysindən istifadə etdiyini vurğulayıb.
Çarter reysi ilə bağlı məlumatlar gürcü cəmiyyətində səs-küyə səbəb olub. Çoxları hesab edir ki, respublikanın hökumət başçısının maaşı ona belə imkanı vermir. Gürcüstanın müxalif “TV Pirveli” telekanalı şənbə günü baş nazirin hökumət təyyarəsi ilə ABŞ-yə getdiyini bildirib. Uçuş avqustun 19-da baş tutub.
İndi hökumət rəhbərinin impiçment proseduruna başlamaq üçün 150 deputatdan 50-si Gürcüstan Konstitusiya Məhkəməsinə müraciət etməlidir. Qurum bir ay ərzində məmurun qanunu pozduğunu müəyyən edərsə, parlament iki həftə ərzində impiçment qərarına baxmalıdır. Baş nazir səs çoxluğu ilə vəzifəsindən azad edilə bilər.
Qeyd edək ki, hazırda hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası ölkə prezidenti Salome Zurabişviliyə qarşı impiçment proseduru aparır. O, hökumətin icazəsi olmadan Avropa ölkələrinə rəsmi səfərlər etməkdə ittiham olunur. Konstitusiyaya görə, prezident xarici siyasətdə nümayəndəlik funksiyalarını yalnız Nazirlər Kabinetinin razılığı ilə həyata keçirə bilər.