Hədəf bəllidir...

Elçin Quliyev

YAP Nərimanov rayon təşkilatının sədri

Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Artıq ölkəmiz bölgədə yeni reallıqlar yaradıb. Bu reallıqlar bütün istiqamətlərində öz əksini tapır. Onlardan biri də regionun nəqliyyat dəhlizi ilə bağlıdır. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə yanvarın 27-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bir çox mühüm məsələlərə toxunuldu. Onların sırasında regionun lider ölkəsi kimi Azərbaycanın qlobal nəqliyyat dəhlizlərində üstün mövqeyi, yeni yaratdığı realıqlar şəraitində genişlənən nəqliyyat coğrafiyasının əhəmiyyəti xüsusilə diqqəti cəlb edir. Dövlət başçısının bəyan etdiyi kimi, Azərbaycan regionun tranzit-nəqliyyat koridorlarının açar ölkələrindən biri kimi mühüm statusa malikdir və bütün beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizdən keçir. Bu coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə edən ölkəmiz davamlı səyləri sayəsində bölgənin nəqliyyat arxitekturasını daha da möhkəmləndirib, yeni coğrafi koordinatlar əlavə edib. Bizim ərazilərimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir və geniş bir trans-kommunikasiya qovşaqları yaranır.

Hazırda qlobal hablardan biri olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) fasiləsiz axıcılığı da məhz Azərbaycanın və yaxın tərəfdaşlarının iradəsi ilə genişlənir. Bu dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanan böyük bir nəqliyyat arteriyasıdır. Azərbaycan bu layihənin yaradıcılarından və əsas təşəbbüskarlarından biridir. Rəsmi Bakı Çin və Avropa İttifaqı ilə bu layihənin imkanlarını bir neçə ilə əvvəl geniş müzakirə edib və beynəlxalq nəqliyyat arteriyalarının əsas qovşaqlarından birinə çevirməyi təklif edib. Xüsusilə də son illər yeni geosiyasi düzənin fonunda meydana çıxmış nəqliyyat-logistika xətlərinin şaxələndirilməsi reallıqlara əsaslanaraq ölkəmiz regiondakı marşrutların çoxşaxəliliyinin təmin edilməsində aktiv rol oynamağa başlayıb. Azərbaycan Xəzər regionunu beynəlxalq haba çevirmək üçün Orta Dəhliz xəttinin imkanlarını və gerçəkliyini qlobal səviyyədə bəyan edib və bu təşəbbüslər dünya birliyi tərəfindən birmənalı olaraq dəstəklənib.

Orta Dəhliz vasitəsilə daşımaların həcminin artması bu tranzit xəttinin coğrafiyasını əhatə edən ölkələrin, xüsusilə də türk dövlətlərinin vahid nəqliyyat ailəsində birləşməsini də zəruri edir. Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə də Şərq-Qərb nəqliyyat dəhlizinin ən axıcı qolu kimi Trans-Xəzərin əhəmiyyətinə toxunulub və TDT ölkələri tərəfindən imzalanan Qarabağ Bəyannaməsində Orta Dəhlizə inteqrasiyanın gücləndirilməsinə dair niyyətlər ifadə olunub.

Azərbaycanın fəal iştirak etdiyi Şimal-Cənub nəqliyyat dəhlizinin potensial imkanları da güclənir. Respublikamız Şərq-Qərb dəhlizi ilə yanaşı, bu marşrut xəttinə də xüsusi əhəmiyyət verir və bunu şərtləndirən əsas amil ölkəmizin ən sərfəli coğrafi kəsişmə nöqtəsində yerləşməsidir. Azərbaycan nəqliyyat kommunikasiyaların şaxələndirilməsinə önəm verərək Yeni İpək Yolunun Orta Dəhlizində və Şimal-Cənub xəttində orta mövqe tutmaqla bütün beynəlxalq nəqliyyat marşrutlarda iştirak edir. Azərbaycan öz nəqliyyat infrastrukturunu tam yeniləşdirməklə bu dəhlizin strateji əhəmiyyətini artırır. İranla dəmir yollarının birləşdirilməsi və Azərbaycanın Astara stansiyasından İranın Astara şəhərinə qədər dəmir yolunun inşası Şimal-Cənub xəttinin potensial ötürücülük qabiliyyətini yüksəldib və hazırda Asiya və Yaxın-Orta Şərq bölgəsi də öz qovşaqlarını bu dəhlizə inteqrasiya etməkdədir.

Bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın bölgənin nəqliyyat landşaftını möhkəmləndirərək digər kommunkasiyaların da bu nəqliyyat qovşqalarına bağlantısını təmin etmək istiqamətində qətiyyətlə çalışır. Bu baxımdan Orta Dəhlzin növbəti dayanacağının Zəngəzur xətti olacağına da şübhə yoxdur. Ermənistan regionun nəqliyyat ritmini pozmaq üçün müxtəlif cəfəng layihələri ortaya atır, “Sülh kəsişməsi” adlı reallıqdan uzaq layihə ilə vaxtı uzadır. İrəvan anlamır ki, Azərbaycansız iki qəpiklik qiyməti olmayan hansısa bir layihənin həyata keçməsi mümkün deyil. Azərbaycanın coğrafi manevrləri kifayət qədər çoxdur, öz ayrılmaz hissəsi olan Naxçıvan və Türkiyə ilə alternativ nəqliyyat bağlantılarını təmin edir və digər əlavə kommunikasiya çıxışlarına malikdir. Ancaq Ermənistan tamamilə bütün enerji-nəqliyyat-kommunikasiya qovşaqlarından kənarda olduğundan beynəlxalq dəhlizlərə çıxış qapıları da bağlı qalır.

Beləliklə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir. Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Şübhəsiz, həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri Azərbaycanı qonşu dövlətlərlə və beynəlxalq tərəfdaşlarla sıx birləşdirməklə geniş əməkdaşlıq formatları sayəsində ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirəcək.