TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov ötən gün bildirib ki, ölkədəki həkimlərin 60-70 faizi son 4-5 ildə Bakıda cəmlənib. O, Azərbaycan regionlarında həkim çatışmazlığı olduğunu bildirib.
Qeyd edək ki, həkimlərin regionlardan Bakıya axışması son illər müzakirə olunan ən aktual mövzulardan biridir.
Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumatlar da həkimlərin böyük hissəsinin Bakıda olduğunu sübut edir.
Komitənin məlumatına görə, 2024-cü ilin əvvəlində Azərbaycanda 33645 həkim olub. Onların 67 faizi - 23 minə yaxını Bakıdadır. Paytaxtda həkimlərin ən çox olduğu rayonlar Nəsimi və Yasamaldır.
Sumqayıtda 1458, Abşeronda 417 həkim var. Regionlardan ən çox həkimin olduğu bölgələr Gəncə (1135), Naxçıvan (445), Mingəçevir (392), Lənkəran (336), Şəmkir (324), Şəkidir (305).
Bütün Azərbaycanda əhalinin 10 min nəfərinə düşən həkim sayı 33 olduğu halda Bakıda şəhərində bu rəqəm 97, Nəsimi rayonunda 291-dir.
Regionlarda həkimlər işə necə götürülür?
TƏBİB-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyindəki müəssisələrə tibb və qeyri-tibb işçilərinin işə qəbulu həmin müəssisələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılır.
"Hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 17 092 həkim fəaliyyət göstərir. Bununla belə, bölgələrdə yerləşən bəzi tibb müəssisələrində müəyyən dar ixtisaslar üzrə həkim kadrlarının çatışmazlığı müşahidə edilməkdədir. Mövcud olan çatışmazlığın aradan qaldırılması istiqamətində TƏBİB tərəfindən səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görülür.
İşə qəbul prosesinin optimallaşdırılmasının təmin edilməsi məqsədilə “Karyera portalı” istifadəyə verilib və TƏBİB-in tabeliyindəki müəssisələrin həmin portala çıxışı təmin olunub. Müəssisələr tərəfindən tibb və qeyri-tibb vəzifələri üzrə müvafiq vakansiyalar haqqında elanlar vaxtaşırı, “Karyera portalı”nda yerləşdirilir. Namizədlər həmin portalda qeydiyyatdan keçərək şəxsi kabineti formalaşdıra və müvafiq vakansiyalara müraciət edə bilərlər. Eyni zamanda, TƏBİB-in sosial şəbəkə hesabları vasitəsilə də bütün vakansiyalar ictimaiyyətlə paylaşılır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2129 nömrəli Fərmanının ikinci hissəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 18 iyul tarixli 344 nömrəli Qərarı ilə “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası” təsdiq edilib. Həmin Qayda 2025-ci il yanvarın 1-dən qüvvəyə minir. Sözügedən qayda ilə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu vahid formada tənzimlənəcək.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarı qüvvəyə mindikdən sonra “Karyera portalı” TƏBİB-in tabeliyindəki müəssisələrə qeyri-tibb işçilərinin işə qəbulunun aparılması üçün istifadə ediləcəkdir. Karyera portalında tabeli müəssisələrdə vakant vəzifəyə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsi, işə uyğunluğu, ümumi dünyagörüşü, vakant vəzifəyə yararlı olmasının müəyyən edilməsi üçün bir sıra yeniliklər öz əksini tapıb. Burada işə qəbul prosesinin sistemli, şəffaf, əhatəli və sürətli həyata keçirilməsi ilə yanaşı, tibbi və qeyri-tibbi sahələr üzrə ehtiyat kadr bazasının formalaşdırılması üçün bütün imkanlar nəzərə alınıb.
Hazırda TƏBİB-də işə qəbul üzrə Müsabiqə Komissiyası fəaliyyət göstərir. Müsabiqə Komissiyasının fəaliyyət istiqaməti sözügedən müəssisələrdə işə qəbul prosesinin optimallaşdırılmasından ibarətdir. Həmin komissiya tərəfindən ötən 9 ay ərzində Bakı Baş Səhiyyə Mərkəzinə 109 nəfər, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 107 nəfər işə qəbul olunub. Tabeliklərində olan müəssisələrdə kadr çatışmazlığını aradan qaldırmaq üçün Bakı Baş Səhiyyə Mərkəzi və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin rəhbərlərinin müraciəti əsasında təcili təxirəsalınmaz tibbi yardım üzrə həkim (Xızı, Balakən, Cəlilabad, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Masallı, Sabirabad, Salyan, Şamaxı, Ucar, Yevlax, Ağdaş, Ağsu, Astara, Lənkəran, Göyçay, Şəki, Qəbələ, Oğuz, Quba regionları üzrə), həkim-psixiatr, çağırış üzrə tibb bacısı, həkim-anestezioloq-reanimotoloq, hesabatlılıq bölməsinə mühasib, əczaçı, həkim-ftiziatr, həkim-psixiatr, sahə həkimi-pediatr, sahə həkimi-terapevt, tibb bacısı (qardaşı), tibb qeydiyyatçısı, qazanxanaçı, provizor/əczaçı, fəhlə, mühafizəçi, sanitar qadın elanları paylaşılıb. Müəssisələrdə işə qəbul prosesi davam edir və təcili yardım sahəsində tibb xidmətin yüksəldilməsi məqsədilə işə qəbul edilən bütün namizədlər təcili yardım üzrə praktiki biliklərin artırılması üçün təşkil edilən təlimlərə cəlb olunurlar”.
Mövzu ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri Məlahət İbrahimqızı və Müşfiq Məmmədli ilə həmsöhbət olduq.
"Rayonlarda çalışmaq üçün çox vətənpərvər olmaq lazımdır"
Məlahət İbrahimqızı bildirib ki, regionlarda həkim çatışmazlığı problemini bir səbəblə dəyərləndirmək olmaz.
“Ən vacib məsələlərdən birincisi müasir standartlara cavab verən, təhsilini xaricdə davam etdirən həkimlərin əksəriyyəti regionlara getməyə önəm vermirlər. Rayonlara getmək, çətin şərait olsa da çalışmaq üçün çox vətənpərvər olmaq lazımdır. Bu məsələnin tək səbəbi deyil. Türkiyədə də ucqar şəhərlər və mərkəzi şəhərlər var. Türkiyə və Azərbaycan ərazi cəhətdən müqayisə edilə bilməz, terrorun çox olduğu yerlərdə belə həkimlər təyinat üzrə fəaliyyət göstərirlər. Əgər tələbəni dövlət oxudursa, onların dövlət qarşısında borcu var. Hamının oxuyub ancaq Bakıda, Sumqayıtda qalması düzgün deyil. Ona görə də ciddi həkim çatışmazlığı yaşanır. səbəblərdən biri də maaş məsələsi ilə bağlıdır. Həkimlərə getdikləri yerdə bir sıra güzəştlər edilməlidir ki, savadlı həkimlərimiz regionlara getməkdə maraqlı olsun”.
Millət vəkili qeyd edib ki, nə qədər maaş artımı və güzəştlər olsa da, həkimlər xüsusilə ucqar bölgələrə getməyə maraq göstərmir:
"Burada özəl klinikada işləməyi daha üstün tuturlar. Türkiyədə və Avropanın bir çox ölkələrində təyinat həyata keçirilir. Bu problemin aradan qaldırılması üçün bu şərtdir. İkinci bir məsələ də həkimlərin getdiyi yerdə şəraitlərinin yaxşılaşdırılması üçün güzəştlər olsun. Digər bir məsələ isə bölgələrdəki həkimlərin yaş senzi ilə bağlıdır. Mənə elə gəlir ki, bölgələrdə 65 yaş senzi götürülməlidir. Həkimin illər artdıqca təcrübəsi daha çox olur. Elə həkim var ki, bir xəstəliyi on illər görmür. Hansı həkim COVİD-19 görmüşdü?! Sovet dövründə mən həkim işləmişəm,universitetdə oxuduğumuz dövrdə bir sıra xəstəliklər var idi ki, təcrübədə görmək mümkün deyildi. Biz onları kitabdan oxuyurduq. Amma sonra qaçqınlıq dövründə xəstəliklər yayılmağa başladı. Universitetdə oxuyanda görə bilmədiyimiz xəstəlikləri biz onda görmüşdük. Həkimin neçə yaşı olsa da təcrübəsi zəngin olur. Həkimlik mütləq təcrübə istəyir, tələbə universieti qırmızı diplomla bitirsə belə, təcrübəsi olmasa həkim ola bilməz. Ona görə də rayonlarda yaş senzi götürülməlidir. Qeyd etdiyim şərtlərə əməl edilməsə problemin həlli çox çətindir".
Müsahibimizin sözlərinə görə, rezidentura bitirməyən həkimlər ilki səhiyyə xidməti işçisi olaraq bölgələrə göndərilə bilər:
“Birləşmiş Millətlər Təşkilatının 2030 güdnəliyində də, Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi sənədlərdə də dövlətin səhiyyə səviyyəsi ilkin səhiyyə xidmətinə görə dəyərləndirilir. Digər nüanslar, keçirilən əməliyyat və müalicələr ölkənin səhiyyə xidmətinin göstəricisi deyil. Elmin inkişafı ayrı, xalq sağlamlığına göstərilən xidmət ayrıdır. Bu gün Azərbaycan Tibb Universitetini minlərlə tələbə bitirir, amma onlardan 30-40 nəfəri rezidenturaya gedir. Rezidenturaya getməyənləri dediyim kimi bölgələrdə ilkin səhiyyə xidməti həkimi kimi cəlb etmək lazımdır. Bu məsələlər olduqca vacibdir, qeyd etdiyim məsələlər həll olunsa, problem aradan qalxar. Azərbaycanda rezidenturadan məzun olan şəxs ilə Türkiyədə məzun olan şəxs eyni maaşı almır. Bu nə deməkdir? Deməli Azərbaycanda rezidentura birinci dərəcəli deyil. Həkimlərimiz də hər kəs kimi çalışır ki, daha asan şəraitdə daha çox pul qazansın. Amma vətənə və dövlətə xidmət məsələsi də var ki, bu hər birimizin borcudur”.
Problemin çıxış yolları nələrdir...
Millət vəkili Müşfiq Məmmədli isə bildirib ki, sözügedən problemin obyektiv və subyektiv səbəbləri var:
“Obyektiv səbəbləri ondan ibarətdir ki, iqtisadi inkişafın spesifikası, xarakteri ilə əlaqədar olaraq bütün dünyan ölkələrində iqtisadi miqrasiya prosesləri baş verir. Ölkə daxilində istehsalın təmərküzləşdiyi, iş imkanlarının daha çox olduğu bölgələrə insan axını prosesləri baş verir. Bakı, Sumqayıt, Abşeron yarımadası iqtisadi fəallığın yüksək olduğu ərazi olduğuna görə, regionlardan əhalinin bu əraziyə axını son illərdə gözlə görülən səviyyədə çox olub. Bu təkcə Azərbaycan üçün yox, bütün dünya ölkələri üçün bazar iqtisadiyyatının xarakterik spesifik əlamətlərindəndir. Biz bunu qonşu ölkələrdə də görə bilirik. Türkiyədə, Rusiyada, İranda, eləcə də inkişaf etmiş qərb ölkələrində bu prosesi müşahidə etmək mümkündür. Bu da həmin bölgədə, maddi-texniki bazanın yüksək olması, istər dövlət, istərsə də özəl sektorda böyük tibb müəssisələrinin olmasına gətirib çıxarır. Hər bir həkimin karyera inkişafı və maddi rifah halını daha çox iqtisadi fəallıq olan bölgədə yüksəltmə ehtimalı daha çoxdur. Bu bütün dünya ölkələri üçün xarakterikdir”.
M.Məmmədli qeyd edib ki, digər məsələ subyektiv amillərlə bağlıdır:
“Regionlarımzda da inkişaf etmiş xəstəxanalar var. Cənab Prezidentin bu sahəyə son onilliklərdə bu sahəyə ciddi diqqət etməsi nəticəsində səhiyyə infrastrukturu ən ucqar bölgələrimizdə belə yüksək səviyyədə inkişaf etmişdir.Burada həkim çatışmazlığı amilinə səbəb digər dünya ölkələrində həkim qıtlığı ilə əlaqədar olan məsələlərdir ki, burada Avropa ölkələrini də göstərə bilərik. Son illərə qədər qonşu Türkiyədə də həkim axını var idi. Burada karyera inkişafı və iqtisadi miqrasiya olurdu. Həkimlik peşəsi uzunmüddətli təhsil və zəhmət tələb edən sahədir. TƏBİB-in icraçı direktorunun müavininin bu istiqamətdə açıqlamaları da məsələnin fikirlə ifadəsidir”.
Deputat bildirib ki, məsələnin həlli istiqamətində addımlar atılmalıdır:
“Birinci olaraq regionlarda inkişaf etmiş infrastruktur qurulduqdan sonra müəyyən iqtisadi tənzimləmələrlə, maaşlara əlavələrlə, həkimlərin ipoteka kreditlərini əlçatanlığını artırmaqla, ev təminatı məsələlərində addımlar atmaqla, regionlarda işin təşklində daha çevik addımlar atmaqla regionlara həkimləri clb etməyimiz və həkim çatışmazlığını aradan qaldırmağımız mümkündür. İkinci məsələ Rusiyada, Ukraynada və Belarusiyada təhsil alıb rezidenturada obyektiv və subyektiv maneələrlə üzləşən həkimlərimiz barədə insan sağlamlığını öndə tutmaq şərti ilə bu istiqamətdə müəyyən çevik addımlar atılmalıdır. Sonrakı proseslər nəticəsində onları səhiyyə sistemimizə qazandırmağımız mümkündür”.