Hərbi qüdrəti durmadan artan Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadırb

Birinci Qarabağ müharibəsi ölkəmiz üçün böyük, milli faciə idi. Əsassız ərazi iddiaları irəli sürən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başladı. Müharibə dövründə Ermənistan silahlı qüvvələri hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirdi. Müharibə nəticəsində Azərbaycan Respublikası öz torpaqlarının beşdə birini itirdi, bir milyondan çox azərbaycanlı öz yurdundan didərgin düşdü. Beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirələrə səbəb oldu. 1992-ci ildə bu münaqişənin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM-in) prinsipləri əsasında sülh yolu ilə həlli üçün Minsk qrupu yaradıldı. Birləşmiş Millətlər Təşkilatı (BMT) isə 1993-cü ildə işğalçıların Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən beynəlxalq hüquqda çox böyük əhəmiyyətə malik 4 qətnamə qəbul etdi. Azərbaycan üçün olduqca mürəkkəb şəraitdə hakimiyyətə gəlmiş Ümummilli Lider Heydər Əliyev belə bir nəticəyə gəldi ki, münaqişənin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Havadarlarından böyük dəstək almış Ermənistanın başlatdığı Birinci Qarabağ müharibəsi 1994-cü ildə Bişkekdə Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəslə başa çatdı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli Lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirən İlham Əliyev hakimiyyətə gələndən böyük Zəfər gününə kimi, 17 il ərzində usanmadan, heç bir güzəştə getmədən Qarabağ məsələsində düşmən Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Dövlət başçısı var gücüylə məsələnin qansız, müharibəsiz həllinə çalışır, amma hər zaman müharibə yolunun da istisna olmadığını vurğulayırdı. O, tam əminliklə bildirirdi ki, istənilən yolla Azərbaycanın suverenliyi, ərazi bütövlüyü bərpa ediləcək. 2019-cu il oktyabrın 3-də Soçidəki “Valday” forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dediyi fikir dillər əzbəri oldu: “Mən Ermənistan baş nazirinin, təəccüb doğuran “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Bütün diplomatik danışıqlarda Ölkə başçısı cənab İlham Əliyev dəfələrlə vurğulayırdı ki, əgər sülh danışıqları nəticə verməyəcəksə, lazım gələrsə Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa edəcək. Bu səbəbdən də Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində Azərbaycan ordusu dünyanın ən güclüləri sırasına yüksəldi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" inamı ilə ordu quruculuğunun bütün parametrlərinin genişləndirilməsini, bu parametrlərin vəhdətini təmin etdi. Ordumuz qısa müddətdə nizami ordu kimi formalaşmağa başladı. Ordumuzun

müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması, bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsi idi.

Ordunun döyüş qabiliyyətinin artırılmasında taktiki təlimlərin olduqca böyük əhəmiyyəti vardır. Ali Baş Komandanın tapşırığına əsasən keçirilən irimiqyaslı təlimlər onu göstərirdi ki, ordumuz güclüdür, Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə qadirdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərkərdəliyi 2016-cı ilin aprel döyüşlərində ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu, xalqın qələbəyə inamını, ordu ilə xalqın birliyini, əsgər və zabitlərin döyüş əzmini və Böyük qələbənin uzaqda olmadığını təsdiqlədi.

27 sentyabr 2020-ci il Azərbaycan, region, hətta dünya üçün yeni tarixə çevrildi. Ermənistan növbəti dəfə təxribat törədərək, yeni torpaqlar işğal etmək üçün Azərbaycana hücum etdi. Elə həmin gün Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi və dövlət başçısı iclasda qətiyyətlə dedi: “Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir. Səhər tezdən məlumatı alan kimi, mən Müdafiə naziri, digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiq göstərişlər verdim və bu göstərişlər əsasında hazırda Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır”. Bundan sonra prezidentin bir çağırışı ilə Azərbaycan xalqı Ali Baş Komandanla həmrəylik, birlik, inam, etibar, yüksək vətənpərvərlik, əzmkarlıq nümayiş etdirərək bir nəfər kimi dövlət başçısının yanında olduğunu göstərdi. Əli silah tutan hər kəs ordu sıralarına yazılmaq üçün növbəyə dayandı. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi, hərbi lider olaraq 44 gün ərzində durmadan, dincəlmədən sözün əsl mənasında vuruşdu. Bəzi ölkələr və onların media quruluşları tərəfindən Azərbaycana qarşı qərəzli informasiya müharibəsi başladıldı. Məkrli ermənipərəst jurnalistlərin Ölkə rəhbərinə verdiyi təxribat xarakterli suallar əslində onların təmsil etdikləri dövlətlərin mövqeyi idi. Hər tərəfdən Azərbaycana, onun liderinə hücumlar edilirdi. İlham Əliyev isə öz növbəsində verdiyi təmkinli, soyuqqanlı cavablarla onları susdurur, hücumları dəf edir, Azərbaycanın bu mübarizədə haqlı olduğunu bir daha bütün dünyaya faktlarla sübut edirdi. Siyasi arenada, döyüş meydanında olduğu kimi, Prezident İlham Əliyev informasiya cəbhəsində də rəqibləri, Azərbaycanın haqq işinə qərəzli yanaşanları dərhal və faktlarla susdururdu.

Müharibə ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir çıxışı xalqın əzmkarlığını, mübarizə ruhunu yüksəldirdi. Prezidentin çıxışları uşaqdan böyüyə dillər əzbərinə çevrildi. Hər kəs Prezidentin verəcəyi qələbə mesajlarını səbrsizliklə gözləyirdi. Bu lider-xalq birliyinin, inamın, sevginin yüksək göstəricisi idi. Artıq Prezidentin çıxışlarında göstərdiyi yumruq qələbənin, dövlət-xalq-ordu həmrəyliyinin simvoluna çevrilmişdi.

Nəhayət, 44 gün sonra, noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalandı. Bu, düşmənin kapitulyasiyası, məğlub tərəfin yalvarışı, aman diləməsi, Azərbaycanın və onun liderinin isə qəti qələbəsiydi. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi

yaşayacaq. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi

Tərlan Ağayev

Azərbaycan Dövlət Pedaqoji Universiteti Yeni Azərbaycan Partiyası Gənclər Birliyi sədri