"Tamaşaçılar məni uzun illərdir aparıcısı olduğum "Ay ev yiyəsi" verilişi ilə tanıyıblar. İndi həmin verilişi "Kim var, kim yox?" adı ilə aparıram. Mövzu, məzmun eynidir. Təkcə dəyişiklik odur ki, verilişi qızımla birlikdə aparıram. Bu mövsüm də həmin verilişdəyəm. Tələbat var, insanlar maraqla izləyir. Verilişdə hər dəfə bir məşhurla qapı döyürəm. Gənc müğənniləri də qonaq edirəm, böyük sənətkarları da. Hamısı ilə yol yoldaşı olmuşam. 22 ildir televiziyadayam, hamısı ilə dostam. Televiziyaya dünən gəlməmişəm ki, mənə kapriz etsinlər. Bu işi dərindən bilirəm. Onlar da bilir ki, mənim təqdim etdiyim verilişlərin heç birində problem olmur".
Sabahinfo.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış teleaparıcı Lalə Əlimuxtarova deyib. O, daha sonra küsdüyü insanlarla barışmadığını bildirib.
"Bir neçə müğənni var ki, onlarla qətiyyən əlaqəm yoxdur, danışmıram. Tək müğənnidən söhbət getmir, istəyir lap doğmam olsun. Ümumiyyətlə mənə haqsızlıq edən insanla küsürəm, daha sonra barışmıram. 15 ildən artıqdır ki, dayımla danışmıram, ölən günümə qədər də barışmaram" deyə aparıcı deyib.
Lalə Əlimuxtarova efirdəki çatışmazlıqlardan da danışıb.
"Efirlərdə nə çatışır ki?! Efirlərdə mədəniyyət çatışmır! Kimi gəldi efirə buraxırlar, nə gəldi göstərirlər, danışırlar. Olmaz! Şəxsən mən bunu etməzdim. Təbii ki, söhbət bütün telekanallardan getmir, amma çoxundan gedir. Verilişlərin çoxu tərbiyəsizliyi təbliğ edir. Bir televiziya işçisi olaraq çox verilişlərə baxıb, əsəb keçirirəm. Özlərini reklam edirlər, şəxsi həyatlarını çılpaqlığı ilə sərgiləyirlər. Həyat yoldaşlarını ortalığa qoyurlar. Aparıcılarda, müğənnilərin bir çoxunda geyim zövqü bərbaddır. Mənə elə gəlir ki, kimliyindən asılı olmayaraq insan ilk növbədə özünə hörmət qoymalıdır, özünü dəyərləndirməlidir. Danışığını, oturuşunu-duruşunu bilməlidir. Vaxt var idi ki, dövlət televiziyasında heç kəsi efirə buraxmırdılar. Sayılıb, seçilən xanəndələr, sənətkarlar efirlərə çıxardı. Belə olmalıdır. İntelektual verilişlər yox dərəcəsindədir. Bəzən deyirlər ki, "reytinq vermir". Biz təbliğ etsək elə gözəl baxacaqlar ki. Tamaşaçılarda maraq oyatmaq lazımdır" deyə Lalə Əlimuxtarova deyib.
"Aparıcı olmaq üçün ilk növbədə insanda nə olmalıdır?" sualına isə Lalə Əlimuxtarova belə cavab verib.
"Məncə aparıcı olmaq üçün görünüş, səs tembri, düzgün danışıq tərzi mütləqdir. Ən əsası da insanlara fikri düzgün çatdırmaq lazımdır. Peşəkar aparıcı rejissorluğu da, kameranı da, montajı da bilməlidir. "Mən aparıcıyam" deyib bununla kifayətlənmək olmaz. Televiziyada çalışan hər bir aparıcı sadaladıqlarımın hamısını bilməsə də bunun hər qolundan xəbərdar olmalıdır. Mən aparıcılığı belə görürəm. Bir aparıcı öncə peşəkar müxbir olmalıdır, hər şeydən məlumatlı olmalıdır" deyə aparıcı bildirib.