"Aktyor obraz oynayanda o həm tamaşaçını təəccübləndirməlidir, həm də heyrətləndirməlidir. Bizim teatrda istedadlı aktyor, aktrisalar çoxdur. Amma deyə bilmərəm ki, bizdən sonra gələn hansısa aktrisa məni təəccübləndirib. Mən yalnız Allahın möcüzələrindən təəccüblənə bilərəm. Bəlkə elə bir rejissor yaxud dramaturq lazım idi ki, təəccüblənək. Xarici ölkələrin teatrlarında aktyorun üstünə elə də məsuliyyət, güc düşmür. Çünki tamaşanın bir çox tərəflərini texnika ilə qururlar. Amma bizdə elə deyil, hətta dekorasiya yükü də üstümüzdədir"
Sabahinfo.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova deyib. O, daha sonra əlavə edib.
"12 il pedaqoji fəaliyyətlə məşğul olmuşam. Hər zaman tələbələrimə başa salırdım ki, kinoda əsas gözdür. Aktyorda ikinci hiss deyilən bir şey var. Mən həmişə aktyorda ona baxıram, plastikanı falan qoyuram kənara. Bir çox kino ulduzlarını uşaqlıqdan sevmişəm. Kinoteatr olan məhəllədə böyümüşəm. Çünki Şuşada Vaqif kinoteatrı evimizin yanında idi, bir qulağım qapıda olub. Kinolara getmişəm, kino afişalarına baxmışam" deyə aktrisa bildirib.
Xalq artisti həyatda mübariz olduğunu bildirib.
"Heç kimə bənzəmək istəməmişəm, çalışmışam ki, öz adımla, soyadımla bu sənətə möhür vurum. Mənə kimsə özünü bənzətsin, amma mən özüm olmaq istəmişəm. Öz yolumla getmişəm. Yaşar Nurinin yanında çox şey öyrənmişəm. Qoç bürcüyəm, həm əziyyət çəkir, həm də liderlik edir. Mənim həyat amalımdır ki, mən bir şeyi əldə etmək istəyirəmsə o baş tutacaq. Bir ölümün çarəsi yoxdur, başqa hər şeyə çarə var. Ona görə də mübariz insanam. Yaşadığım heç nə üçün peşman deyiləm. Çünki həyatımda hər şey 50-50-yə olub. Xoşbəxt çağlarım da, ağır günlərim də. Amma onlar hamısı mənim olub" deyə aktrisa bildirib.
Xalq artisti böyük dramaturq İlyas Əfəndiyevin ona dediyi sözləri də xatırlayıb.
"İlyas Əfəndiyev mənə 2 məsləhət verib. Mən onun bu sözlərini ömrümün sonuna qədər unutmayacam. Deyirdi ki, qadın tapmaca olmalıdır. Heç vaxt səhnədə açıq-saçıq geyim dalınca qaçma, o zaman tamaşaçı üçün maraqsız olursan. Bir də deyirdi ki, fərq etmir, hansı səhnə arxasında olursansa ol, səhnəyə çıxmazdan öncə de ki, "mən, elə mənəm", özünə güvən" deyə sənətkar bildirib.