Heydər Əliyev - Qurtuluşa aparan yol

Xalqımızın təfəkküründə on illərlə formalaşmış və qətiləşmiş belə bir fikir var ki, cəmiyyətimizin qarşılaşdığı çətin problemlərin həllini yalnız Heydər Əliyev bacarar. Çünki hər kəsə bəlli idi ki, O, nadir keyfiyyətlərə malik uzaqgörən siyasətçi və təcrübəli dövlət xadimi kimi xalqımız üçün ağır, taleyüklü problemlərin öhdəsindən dəfələrlə layiqincə gəlmişdi. Ötən əsrin 90-cı illərinin əvvəlində də ölkəmiz çox keşməkeşli dövrünü yaşayırdı. Bir tərəfdən torpaqlarımızın bir qismi erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş, digər tərəfdən bunun cəmiyyətdə yaratdığı süstlük, iqtisadi-siyasi böhran, vətəndaş qarşıdurması, siyasi qüvvələr arasında hökm sürən hərc-mərclik, qeyri-peşəkar idarəetmə Azərbaycanı çıxılmaz vəziyyətə salmışdı. Yenicə qazanılan müstəqillik itirilmək təhlükəsi ilə üz-üzə idi.
Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü.1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və ulu öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Ümummilli lider 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasət, atdığı addımlar da gələcəyə hesablanırdı. O, müstəqil Azərbaycan dövlətinə rəhbərlik missiyasını üzərinə götürəndə də sosial-iqtisadi problemlər məngənəsində boğulan, vətəndaş müharibəsi, parçalanma təhlükəsinin bircə addımlığına gəlib çatmış, insanlarının sabaha heç bir ümidi qalmamış, müharibə şəraitində yaşayan və mənfur Ermənistan tərəfindən torpaqlarının xeyli hissəsi işğal olunmuş bir ölkəni təhvil almışdı. Belə çətin və həlledici dövrdə ölkənin və xalqın gələcəyinə görə məsuliyyəti üzərinə götürmək bir dövlət xadimi üçün həddən artıq riskli qərar idi. Amma Heydər Əliyev bunu etməyə bilməzdi, çünki onu xalq çağırırdı. Azərbaycanın üzləşdiyi bəlalardan qurtuluşu üçün yeganə xilas yolunu onun qətiyyətində, siyasi təcrübəsində, idarəçilik bacarığında görürdü. Heydər Əliyev Azərbaycanın taleyi naminə bu missiyanı üzərinə götürdü və xalqın dəstəyinin verdiyi güclə ölkəni qısa müddətdə ağır sınaqlardan çıxararaq inkişaf yoluna yönləndirdi.
Azərbaycanın ən çətin anlarında Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi. Heydər Əliyev qlobal miqyasda təhlillər aparmağı bacaran nəhəng siyasətçi idi. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diqtə edən nadir şəxsiyyətlərdən biri idi. O təkcə güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi. Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir. O, analitik düşüncə tərzi ilə, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək intellekti, dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları heyrətləndirirdi. Heydər Əliyev parlaq, güclü, koloritli bir şəxsiyyət idi.
Ümummili lider Heydər Əliyev özündən sonrakı dövr üçün də liderlik məktəbini yaratdı Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə sübut etdi ki, o, Heydər Əliyev məktəbini yüksək səviyyədə mənimsəmiş və yeni tarixi epoxanın irəli sürdüyü çağırışları qabaqlamış, mühüm strateji zəkaya və praktiki səmərəli fəaliyyət metodlarına malik olan dünya miqyasında yeni tipli liderdir. Azərbaycan ordusunun mərd, igid, mətanətli oğullarının Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin nəticəsi olaraq 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı azad etməsi bunun ən bariz nümunəsidir. Biz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Ulu öndərimizin vəsiyyəti olan Dağlıq Qarabağ münaqişəsi məsələsi qızıl hərflərlə yeni tarix yazan Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən uğurla həll edildi.

İbrahim Kərimov,
YAP Sabirabad rayon təşkilatının məsul əməkdaşı