Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova: bələdiyyə icmaya ən yaxın olan idarəetmə orqanıdır.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2022-ci il üzrə illik Məruzə”nin müzakirəsi zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təkliflərini səsləndirib. Komitə sədri bələdiyyələrin icmaya ən yaxın olan idarəetmə orqanı olmasını vurğulayaraq bildirib ki, Bələdiyyələrin fəaliyyət səviyyəsinin artırılması ilə yerlərdə bir çox məsələlər həll edilə bilər. Buna görə də ilk növbədə, bələdiyyələrin fəaliyyətini gücləndirmək üçün bu qurumun üzvlərinin və əməkdaşlarının bilik və bacarıqlarının daha da artırılmasına ehtiyac vardır.
Digər bir məsələ isə, maliyyə vəsaitlərinin xərclənməsidir. Əlbəttə ki, burada vacib məsələ ayrılmış vəsaitin və digər resursların nəticə əsaslı istifadə olunmasıdır. Əgər icma və dövlət bunun nəticələrini görərsə, faydalanarsa onun imkanları da çoxalacaqdır. O cümlədən vətəndaşların bələdiyyələrə inamı da olacaqdır.
Mən çox sevinirəm ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bələdiyyələrdə gender komissiyalarının yaradılmışdır. Bu əlbəttə ki, yerli səviyyədə gender bərabərliyinin təmin olunmasına böyük dəstəkdir. Müsbət hallardan biri də bir sıra bələdiyyələrdə məşiət zorakılığından əziyyət çəkənlər üçün qaynar xəttin yaradılmasıdır. Bu sahədə işi daha da gücləndirmək lazımdır. Xüsusi ilə sığnacaqların yaranması, hüquqi və psixoloji xidmətin təşkil edilməsi həmin fəaliyyətin tərkib hissəsi olmalıdır. Biz digər ölkələrin təcrübəsində bunu aydın şəkildə görürük. Məsələn, Türkiyənin bu istiqamətdə çox yaxşı təcrübəsi vardır. Mən təklif edərdim ki, gələcəkdə məhz bu sahədə bələdiyyələrin təcrübə mübadiləsi aparılsın.