“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsi apararaq torpaqlarımızı erməni işğalından azad edərək, ərazi bütövlüyümüzü təmin etdi. Hamı, xüsusilə də, doğma torpaqlarından didərgin düşmüş insanlar tez bir zamanda öz ata-baba yerlərinə dönmək, Qarabağ həsrətinə son qoymaq arzusundadır. Lakin bu heç də asan məsələ deyil. Birincisi 30 ilə yaxın bir müddətdə erməni vandalizimi nəticəsində bütün yaşayış məskənlərimiz, yeraltı, yerüstü sərvətlərimiz talan edilib, dağdılıb. İkincisi isə erməni silahlı qüvvələri işğal etdikləri ərazilərin hamısını minalayıblar. Bu isə əlbəttə ki, quruculuq –bərpa işlərini ləngidir, hərbi qulluqçuların, mülki vətəndaşların qismən sağlamlıqlarını və ya həyatlarını itirmələrinə səbəb olur. Ona görə də hazırda Azərbaycan üçün ən mühüm məsələ işğal altındakı torpaqlarımız azad edildikdən sonra bu ərazilərin minalardan təmizlənməsi idi.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
H.Hüseynova qeyd edib ki, heç bir beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməyən Ermənistan həmin xəritələri verməkdən imtina edirdi: “Hətta son zamanlar Azərbaycan sərhədində baş verən təxribatlar da Ermənistanın təxribatçı siyasətinin göstəricisidir. Ermənistan bu addımı ilə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini də pozurdu. Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda Azərbaycan torpaqlarının minalanması məsələsini qaldırır, beynəlxalq ictimaiyyətdən bu məsələyə müdaxilə etməsini və Ermənistanı qeyri-insani siyasətə son qoymağa çağırmalarını tələb edirdi. Nəhayət, ölkə başçısının prinsipial mövqeyi, parlaq diplomatik bacarığı, siyasi iradəsi nəticəsində Azərbaycan növbəti dəfə uğur əldə etdi. Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verildi.”
Komitə sədri vurğulayıb ki, bir rayon üzrə demək olar ki, 100 minə yaxın mina basdırılmışdır, onları aşkarlamaq, zərərsizləşdirmək üçün uzun zaman lazım idi: “İndi isə bu xəritələrin verilməsi nəticəsində Ağdam ərazisinin minalardan təmizlənməsi prosesi daha sürətlə gedəcəkdir. Bu isə rayonda bərpa işlərini və əhalini əzəli toraqlarına qayıtması prosesini tezləşdirəcəkdir. Azərbaycan bütün dünyaya bir daha humanist ölkə olduğunu, regionda sülh və təhlükəsizliyin təmin olunması üçün öz töhfəsini verməyə hazır olduğunu nümayiş etdirdi. Ölkə başçısının bu zəfərinin daha bir neçə müsbət tərəfini qeyd etmək lazımdır.Beləliklə, bu humanitar aksiya beynəlxalq ictimaiyyətin Ermənistanın mina xəritələrinin verilməsi məsələsinə diqqəti artırdı. Yəni artıq Ermənistan deyə bilməyəcək ki, bizdə minalanmış ərazilərin xəritələri yoxdur. Onların bu yalanı ifşa olundu. Eyni zamanda, ABŞ Dövlət Departamentinin və Avropa Birliyinin, ATƏT-in İsveç sədrliyinin bu məsələdə fəal iştirak etməsi də Azərbaycanın xeyrinədir. Bu mötəbər qurumlar kimin haqlı və humanist olduğunu bir daha gördülər. Əlbəttə ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyi təqdir olunur. Bu, Azərbaycan diplomatiyasının növbəti qələbəsidir.”
Professor bildirib ki, mina xəritələrinin əldə olunması minlərlə vətəndaşımızın, xüsusilə də minatəmizləyənlərin, hərbi qullluqçuların həyatını və sağlamlığını təhlükədən qoruyacaq: “Ölkə başçısı tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini daha da tezləşdirəcəkdir.”