"Hüququmuzdan istifadə edirik"

"Bir neçə gün öncə Bakı Apellyasiya Məhkəməsinin məktubu ilə hüquqlarını müdafiə etdiyim şəxslə görüşmək üçün 2 Saylı Cəzaçəkmə Müəssisəsinə getmişdim. Orada həmin məktubu, xidməti vəsiqəmi və şəxsiyyət vəsiqəmi təqdim etdim. Lakin görüşə icazə vermədilər və bildirdilər ki, hakimin məktubu ilə deyil, penitensiar xidmətin razılıq məktubu ilə gəlməliyəm. Eyni zamanda Vəkillər Kollegiyasının üzvü olduğumu təsdiqləyən arayış tələb etdilər. Halbuki xidməti vəsiqəm Vəkillər Kollegiyasının üzvü olduğumu təsdiq edir".

E-huquq.az xəbər verir ki, bunu vəkil Ramil Rüstəmov deyib. Onun sözlərinə görə, bu kimi tələblərlə vəkillərin hüquqlarını məhdudlaşdırmağa çalışırlar.

Məsələyə münasibət bildirən Vəkillər Kollegiyasının sədri Anar Bağırov e-huquq.az-a açıqlamasında deyib ki, Ramil Rüstəmov qeyd olunan problemlə bağlı Kollegiyaya müraciət etməyib.

"Biz hər zaman vəkillərin müraciətlərinə həssaslıqla yanaşırıq. Onların problemlərinin həlli üçün çalışırıq. Lakin son dövrlər vəkil Ramil Rüstəmov tərəfindən bizə hər hansı problemlə bağlı müraciət olunmayıb. Müraciət etsəydi, təbii ki, biz də ona olan lazımi dəstəyi göstərəcəkdik. Onun qaldırdığı məsələlər bizə məlum məsələlərdir. Qeyd olunan problemlərlə bağlı qanunvericilikdə olan boşluqlar aradan qaldırılmalıdır. Biz bununla bağlı təkliflər hazırlayıb müvafiq dövlət orqanlarına təqdim etmişik. Ümid edirik ki, müsbət cavab alacağıq. Bizim məqsədimiz vəkillərin öz vəzifələrini yerinə yetirərkən rastlaşdıqları maneələri aradan qaldırmaq və vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardımı təmin etməkdən ibarətdir", - deyə sədr bildirib.

A.Bağırov vəkil Ramil Rüstəmovu Vəkillər Kollegiyasına dəvət edəcəklərini və qeyd olunan problemlərlə bağlı onunla müzakirələr aparacaqlarını qeyd edib.

Sədr vurğulayıb ki, vəkillərin üzləşdiyi çətinliklər, qaldırdıqları məsələlər hər zaman Vəkillər Kollegiyası tərəfindən diqqətdə saxlanılır: "Biz cinayət hüququ və mülki hüquq sahəsi ilə bağlı işçi qruplar yaratmışıq. Vəkillərin qarşılaşdığı problemlərlə bağlı bu işçi qruplar tərəfindən vaxtaşırı olaraq müzakirələr və təhlillər aparılır. Qaldırılan məsələlər ümumiləşdirilərək təkliflər hazırlanır və müvafiq dövlət qurumlarına təqdim olunur. Normayaratma təşəbbüsünün subyekti olmayan dövlət orqanları və vəzifəli şəxslər, habelə fiziki və hüquqi şəxslər normativ hüquqi aktın qəbul edilməsi ilə bağlı təkliflərini və ya normativ hüquqi aktın layihəsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq səlahiyyətlərə malik olan dövlət orqanlarına təqdim edə bilərlər. Biz də bu hüququmuzdan istifadə edirik".