Ümid Partiyası qarşıdan gələn parlament seçkilərində hansı formada iştirak edəcəyi və namizədlərinin müəyyən edilməsi istiqamətində iş aparır. Bu barədə partiyanın sədri İqbal Ağazadə deyib. İ.Ağazadə partiyanın parlament seçkilərinə digər siyasi təşkilatlarla birgə gedəcəyi barədə ehtimalların olduğunu da vurğulayıb: "Azərbaycan Demokrat Partiyası, 125-lər siyasi klubu ilə bir yerdə gedəcəyimiz çox böyük ehtimaldır”.
O, rəhbərlik etdiyi partiyanın Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunmadığını da diqqətə çatdırıb: "Biz artıq orada yoxuq. Onlar blok yaratdı və biz də oradan çıxdıq”. Bundan əvvəl Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da Trend-ə rəhbərlik etdiyi partiyanın Mərkəzdən çıxdığını deyib.