"İşçi Qrupun yaradılması Azərbaycanla ŞKTC arasında parlament diplomatiyasının əsasını qoyub"

Zəngin tarixi irsi və mədəni müxtəlifliyi ilə seçilən Şimali Kipr Türk Cümhuriyyəti bu gün Türk Dövlətləri Təşkilatı ilə yanaşı İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatlarda da müşahidəçi üzv statusuna malikdir.

Teleqraf xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 42-ci ildönümü münasibətilə keçirilən tədbirdə Milli Məclisin ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev deyib.

O qeyd edib ki, bu nailiyyətlər onun beynəlxalq aləmdə artan tanınmasının və suveren Türk Cümhuriyyəti kimi layiqli yer tutmasının göstəricisidir:

"Ölkələrimiz arasında birbaşa əlaqələrin əsası hələ 1997-ci ildə Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycan Nümayəndəliyinin açılması ilə qoyulub. 2023-cü ilin aprel ayında Azərbaycan Respublikasının Milli Məclisi ilə Şimali Kipr Türk Cümhuriyyəti Cumhur Məclisi arasında İşçi Qrupun yaradılması ölkələrimiz arasında parlament diplomatiyasının əsasını qoymuş və Azərbaycan – Şimali Kipr münasibətlərinin daha da canlanmasına yol açıb".

Onun sözlərinə görə, işçi qrupu hər iki ölkənin müvafiq dövlət qurumları arasında, eləcə də özəl biznes dairələri və vətəndaş cəmiyyətləri arasında siyasi-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.

C.Feyziyev qeyd edib ki, son illər genişlənməkdə olan ikitərəfli əlaqələri müxtəlif sahələrdə, o cümlədən təhsil, mədəniyyət, turizm və kənd təsərrüfatı kimi əsas sektorlarda əməkdaşlığa mühüm töhfələr verməkdədir:

"Keçən il ərzində hər iki ölkənin təhsil nazirlikləri arasında və eləcə də ayrı-ayrı ali təhsil müəssisələri arasında birbaşa əməkdaşlıq haqqında çoxsaylı razılaşmalar əldə olunub. Hazırda 500-ə yaxın azərbaycanlı tələbə Şimali Kiprin müasir beynəlxalq standartlara cavab verən universitetlərində təhsil alır və eyni zamanda bir çox azərbaycanlı təhsil işçiləri ölkənin akademik müəssisələrində uğurla çalışırlar. Keçən il ərzində Şimali Kipr Türk Cümhuriyyətindən kənd təsərrüfatı məhsullarının idxalına başlanıb, kiçik və orta biznes təmsilçilərinin görüşü təşkil olunub".