İşğaldan azad edilmiş ərazilər “yaşıl enerji” zonası elan edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bir gün sonra ölkəmizin həyatında çox önəmli hadisə baş verəcəyini, xarici investorların maliyyə vəsaiti hesabına Azərbaycanda 240 meqavatlıq böyük külək elektrik stansiyasının təməlinin qoyulacağını bildirmişdir.
Həmin gün Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Azərbaycanda 100 faiz özəl investisiya ilə inşa ediləcək “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi bir daha ölkəmizin güclü alternativ enerji potensialı olduğunu göstərmişdir.
Prezident İlham Əliyev yanvarın 13-də Gülüstan sarayında mərasim zamanı çıxışında bərpaolunan bu böyük enerji layihəsinin icraçısı və investorunun qardaş Səudiyyə Ərəbistanının şirkəti olduğunu, bu ölkə ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətlərinin mövcudluğunu da vurğuladı: “Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Təbii ki, bütün Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir”. Mərasimdə ölkəmizlə Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələrin çox yüksək dinamika ilə inkişaf etdiyi, iqtisadiyyatın müxtəlif sahələrində fəal əməkdaşlıq qurulduğu, turizmin isə pandemiyadan sonrakı mərhələdə canlanacağı bildirilmişdir.
Səudiyyə Ərəbistanı Krallığının “ACWA POWER” şirkəti ilə 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı layihənin reallaşdırılmasına ümumilikdə 300 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu, il ərzində isə 1 milyard kilovat saata yaxın elektrik enerjisinin istehsalı nəzərdə tutulub. Bu layihənin icrası nəticəsində il ərzində 200 milyon kubmetr qaza qənaət ediləcək, habelə ətraf mühitə atılan tullantıların həcmi ildə 400 min tonadək azaldılacaq. Layihənin reallaşdırılması, həmçinin müasir istehsal və xidmət sahələrinin yaranmasına, yeni iş yerlərinin açılmasına töhfə verəcək.
Xarici şirkət nümayəndələrinin Azərbaycana gəlib sərmayə yatıraraq, iş görmələrinin əsasında isə respublikamızda mövcud sabitlik, əlverişli investisiya mühiti dayanır. Hazırda dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azalması şəraitində böyük nüfuza malik bir şirkətin - “ACWA Power”nin Azərbaycanda fəaliyyətə başlaması - Xızı rayonunda 240 meqavat gücündə külək elektrik stansiyasının tikilməsi qərarını verməsi də məhz qeyd edilən sabitlik və cəlbedici investisiya amili ilə bağlıdır.
İşğaldan azad edilmiş ərazilər “yaşıl enerji” zonası elan edilib. Artıq bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətdədir. “Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağın dünyanın ən müasir yaşayış məskənlərindən biri olaraq yenidən qurulmasına xüsusi əhəmiyyət verilir.
Günəş və külək enerjisi potensialının səmərəli istifadəsini təmin etmək üçün 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması mühüm vəzifə olaraq müəyyənləşdirilib. Həmçinin 2030-cu ilədək təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulub. Bu vəzifənin məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılıb.

Məhəmməd Abduyev
ADPU-nun Tarix və Coğrafiya fakültəsinin
Ümumi coğrafiya kafedrasının müdiri,
Coğrafiya elmləri doktoru