İslahatlar siyasi sistemin mükəmməl transformasiyasına əsaslı şərait yaradacaq

Bu gün Azərbaycanda aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə problemlər aradan qaldırılır, bütün istiqamətlər üzrə reformalar həyata keçirilir. Mühüm islahatların əsas istiqamətlərindən birini də siyasi sistemin təkmilləşdirilməsi və siyasi dialoqun inkişafı təşkil edir.

Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

O bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin iradəsi ilə reallaşdırılan islahatların nəticəsi olaraq iqtidar-müxalifət ünsiyyəti, siyasi dialoq mühiti formalaşıb: “Ölkənin 50-yə qədər partiyası siyasi dialoq prosesində iştirak edir, siyasi və ictimai sahədə reformaların dərinləşdirilməsi ilə əlaqədar fikir və təkliflərini irəli sürürlər. Xüsusilə hakimiyyət tərəfindən formalaşdırılan azad və demokratik ortamda siyasi partiyalar sərbəst şəkildə qanun yaradıcılığı prosesində iştirak edirlər. Heç şübhəsiz ki, bu, parlaq Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda siyasi sahədə formalaşmış ən böyük dəyərdir. Hətta partiyalar da qəbul edirlər ki, indiki şəraitdə siyasi dialoq həm də bir milli birlikdir, siyasi bütövlükdür. Ona görə də, 50-dək siyasi partiya cəmiyyətimizin daha da demokratikləşməsi naminə həvəslə çalışmaqdadır”.

Eyni zamanda, müxalifət partiyalarının nümayəndələrinin altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunduqlarını vurğulayan Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri əlavə edib: “Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir. Bu gün qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulur. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün faktorlar spektri formalaşmaqdadır. Hətta Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Bütün bunlar isə ölkədə siyasi sistemin mükəmməl transformasiyasına əsaslı şərait yaradacaq, siyasi dialoqu daha da möhkəmləndirəcək”.