Bakı martın 2-də daha bir beynəlxalq tədbirə ev sahibliyi etdi. Dünyanın 120 ölkəsi arasında mühüm siyasi əməkdaşlıq platformasına çevrilən Qoşulmama Hərəkatının Covid-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə kifayət qədər geniş coğrafiya təmsil olunurdu. Tədbirdə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, o cümlədən Özbəkistan, Bosniya və Hersoqovina, Türkmənistan, İraq və Liviyanın prezidentləri, eyni zamanda, müxtəlif ölkələrin nazir və nazir müavinlərinin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyətləri, həmçinin Dünya Turizm Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Cenevrədəki bölməsi və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumların rəhbərləri və səfirlər iştirak edirdilər. Bu cür mötəbər beynəlxalq tədbirin Prezident İlham Əliyevin sədrliyi ilə keçirilməsi qürurverici olmaqla yanaşı, həm də onun göstəricisidir ki, Azərbaycan təkcə regionda deyil, artıq daha böyük çoğrafiyada nüfuzlu siyasi ünvan, etibarlı tərəfdaş və məsuliyyətli söz sahibi kimi tanınır.
Prezident İlham Əliyevin Zirvə görüşündə çıxışı zamanı verdiyi kifayət qədər ciddi və ünvanlı mesajlar da ölkəmizin beynəlxalq münasibətlərdə oynadığı və artmaqda olan siyasi çəkisindən irəli gəlir. Bu mesajlarla istər ayrı-ayrılıqda, istərsə də bütövlükdə, faktiki olaraq beynəlxalq birliyə çağırış edilirdi ki, təhlükəsiz dünya nizamını qorumaq üçün beynəlxalq səylərin daha ciddi şəkildə əlaqələndirilməsinə ehtiyac duyulur. Dövlətimizin başçısı açıq mətnlə bildirdi ki, dünya təhlükəsizliyinə olan təhdidlər beynəlxalq hüquq normalarının bəzi aktorlar tərəfindən kobud şəkildə pozulması, bir sıra hallarda isə ədalət anlayışının gözardı edilməsi ilə bağlıdır. Prezident İlham Əliyev bu cür təhlükəli təmayülləri nəzərə alaraq, Zirvə görüşündə iştirak edən nüfuzlu aiditoriyaya və bütövlükdə dünya birliyinə bu mesajı verdi: “Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir”.
Azərbaycan Prezidenti tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, selektiv yanaşmadan və ikili standartlar siyasətindən son 30 ildə ən çox əziyyət çəkən ölkələrdən biri də məhz Azərbaycandır. Dövlətimizin başçısı növbəti mesajı ilə ölkəmizin üzləşdiyi acı siyasi mənzərəni bir daha mötəbər aiditoriyanın diqqətinə çatdırdı : “Məsələn, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır. 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi”.
Dövlətimizin başçısı bununla beynəlxalq birliyə o mesajı da verdi ki, Azərbaycan ilə yanaşı bəzi ölkələrin də üzləşdiyi bu cür haqsızlığın səbəbi təkcə selektiv yanaşma və ayrı-seçkilik siyasəti ilə bağlı deyil. Vacib səbəblərdən biri də dünyada idarəetmə sisteminin aşınması və onun səmərəsizliyi ilə bağlıdır. Prezident İlham Əliyev təhlükəsiz dünya nizamına artmaqda olan təhdidləri və onları mümkün edən səbəbləri nəzərə alaraq, beynəlxalq birliyə bu mühüm mesajı da verdi: “Daha öncə də qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil... BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və çoğrafi baxımdan daha ədalətli olsun”. Azərbaycan Prezidenti BMT kimi önəmli beynəlxalq təsisatın fəaliyyətində səmərəliliyin artırılması məqsədilə konkret təkliflə çıxış edərək bildirdi ki, dünyanın 120 ölkəsini birləşdirən Qoşulmama Hərəkatına sədrlik edən dövlətlərin rotasiya qaydasında Təhlükəsizlik Şurasında təmsil olunmasına ciddi ehtiyac duyulur. Dövlətimizin başçısının digər vacib təklifi isə Afrika qitəsinin də Təhlükəsizlik Şurasında təmsilçiliyi ilə bağlı oldu.
Müstəqillik dövründə ölkəmizin zaman-zaman üzləşdiyi acı reallıqlardan biri də onunla bağlı olub ki, böyük aktorlardan bəziləri dildə beynəlxalq hüququn və ədalətin aliliyini bəyan etsə də, bir sıra hallarda onların əməlində bunun tam əksini görmüşük. 28 il ərzində Minsk qrupunda təmsil olunan vasitəçilərdən birinin açıq, bir başqasının gizli şəkildə Ermənistana himayədarlıq etməsi, beynəlxalq hüququn ziddinə olaraq tərəfsizlik əvəzinə erməni təəssübkeşliyi göstərməsi, üzləşdiyimiz çoxsaylı siyasi riyakarlıq nümunələrindən yalnız biridir. Prezident İlham Əliyev çıxışında bu cür zərərli təcrübənin ümumi təhlükəsizliyə mənfi təsirlərini qabardaraq, böyük aktorların fəaliyyətində sözlə əməlin vəhdət təşkil etməli olduğunu və siyasi riyakarlıqdan imtina edilməsinin vacibliyini bir daha xüsusi olaraq qeyd etdi: “Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə çinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.
Azərbaycan Prezidenti bu bəyanatı ilə yanaşı, “peyvənd millətçiliyi” ilə bağlı varlı və böyük dövlətlərdən bəzilərinin eqoist mövqeyini və riyakar davranışını da yada salaraq mütərəqqi dünyaya çağırış etdi ki, dünyanın təhlükəsizliyi naminə bu cür ziyanlı siyasətdən imtina olunmalıdır. Ərazi bütövlüyünün və suverenliyin toxunulmazlığı ilə bağlı fundamental beynəlxalq prinsiplərə münasibət coğrafiyalardan asılı olaraq dəyişməməli, selektiv yanaşmaya yol verilməməlidir. Çünki hüquq norması və bazis xarakterli prinsiplər bir dəfə tapdalanırsa, ayrı-seçkilik edilərək bir coğrafiyada bir, digərində isə başqa mövqe sərgilənirsə, təkcə ədalətə kölgə salınmır, həm də haqqa olan ictimai inama düzəldilməsi çətin olan zərbələr vurulur. Çünki dövlətlərin haqlı-haqsız davranışı nəticə etibarilə insanların həyatdakı davranışı ilə eynilik təşkil edir, ondan fərqlənmir. İkiüzlü insan heç vaxt səmimi hörmət qazana bilmədiyi kimi, riyakar və ikili standartlar siyasəti də heç vaxt səmimi rəğbət qazana bilmir. Belələrinin nüfuz və hörmət sahibi görüntüsü də aldadıcı, müvəqqəti və ötəri olur. İnsanlar üçün olduğu kimi, bu, dövlətlər üçün də belədir. Ümid edək ki, siyasi riyakarlığa yol verən ayrı-ayrı ölkələr, heç olmazsa, Avraam Linkolnun bu müdrik sözlərindən adekvat nəticə çıxara biləcəklər: “İkiüzlü insan o insandır ki, hər iki valideynini öldürüb, indi isə yetimliyinə istinad edib yardım diləyir”. Beynəlxalq hüququ, haqqı və ədaləti bir dəfə tapdalayan siyasi ünvan sahibləri də, kimliyindən asılı olmayaraq, sonda “yetim” qalmaq təhlükəsi ilə üzləşir, keçmiş nüfuzları da onlara kömək edə bilmir. İtirilən siyasi nüfuzu və ictimai etimadı bərpa etmək çox çətin, bəzən isə mümkünsüz olur...
Ülvi Quliyev Milli Məclisin deputatı