İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq tədbir təşkil olunmuşdur.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Tədbirdə öncə qonaqlar mövzu ilə əlaqədar hazırlanan videoçarxa baxmış, daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunmuşdur.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev beynəlxalq konfransın iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətinə toxunmuş, mövzunun Azərbaycan üçün vacibliyinə diqqət çəkmişdir. Dövlətimizin başçısının əsir-girov götürülmüş, itkin düşmüş şəxslərlə bağlı məsələyə daima xüsusi həssaslıqla yanaşdığını bildirən Komissiya sədri Birinci Qarabağ müharibəsində itkin düşmüş 3890 nəfər vətəndaşımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində son illərdə görülmüş işlər barədə ətraflı məlumat vermiş, 2021-ci ilin fevral ayından başlayaraq, həmin şəxslərə aid olması ehtimal edilən məzar yerlərində aşkar edilən meyit qalıqlarının eyniləşdirilməsinin intensiv şəkildə həyata keçirildiyini demişdir. O, Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə ayrılmış vəsait hesabına Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin tərkibində yaradılmış və ən müasir avadanlıqlarla təchiz edilmiş genetik laboratoriyada meyit qalıqlarının eyniləşdirilməsi imkanlarından geniş söhbət açaraq, Komissiyanın fəaliyyətinə və itkin vətəndaşlarımızın taleyinin müəyyən edilməsi işinə göstərdiyi dəstəyə və diqqətə görə ölkə başçısına dərin təşəkkürünü ifadə etmişdir.
Vurğulanmışdır ki, son günlər ərzində eyniləşdirilməsi aparılan və ictimaiyyətə açıqlanan 15 nəfərdən başqa, Dövlət Komissiyasının səyləri və görülən təxirəsalınmaz tədbirlərlə konfrans ərəfəsində 1-i mülki şəxs və 9-u hərbçi olmaqla, 10 nəfər vətəndaşımızın meyit qalıqları eyniləşdirilmişdir. Xidmət rəisi Əli Nağıyev onların sırasından “Azərbaycanın Milli Qəhrəmanı”, vaxtilə təhlükəsizlik orqanlarının əməkdaşı olmuş, Birinci Qarabağ müharibəsində böyük igidlik və şücaət göstərmiş, 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşmüş Riad Əhmədovun müəyyən olunmasının ciddi ictimai hadisə olduğunu xüsusilə qeyd etmişdir.
Dövlət Komissiyasının sədri Ermənistanın qeyri-konstruktiv və humanizmə zidd addımlarından əl çəkməklə dəqiq mina xəritələrini və məzar yerləri barədə məlumatları təqdim edəcəyi təqdirdə taleyi qeyri-müəyyən olan itkin düşmüş vətəndaşlarımızın axtarışı prosesinin daha sürətlə aparıla biləcəyindən də danışmışdır. Əli Nağıyev rəsmi Yerevanı bu məsələdə əməkdaşlığa səy göstərməyə çağırmış və bildirmişdir ki, Ermənistanın bu humanitar missiyanın həyata keçirilməsində edəcəyi yardım hər iki tərəfdən itkin düşmüş şəxslərin tez bir zamanda müəyyənləşdirilməsinə və xeyli müddətdir davam edən humanitar böhranın aradan qaldırılmasına səbəb olardı.
Komissiya sədri bəzi erməni ideoloqların azərbaycanlılarla ermənilərin birgə yaşamasının qeyri-mümkünlüyünə dair fikirlərinə də münasibət bildirmiş, monoetnik Ermənistandan fərqli olaraq çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda bütün xalqların nümayəndələri ilə yanaşı, ermənilərin də daim sülh və rifah içində yaşadığını nəzərə çatdırmış, ölkəmizin erməni əhalisini azərbaycanlılarla birgəyaşayış mühitini formalaşdırmağa dəvət etmişdir.
Çıxışının sonunda Əli Nağıyev beynəlxalq konsfransın itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması məsələsinə mühüm töhfə verəcəyinə ümidvar olduğunu söyləmiş, tədbirdə iştirak edən müvafiq sahə üzrə ixtisaslaşmış alim və mütəxəssislərin öz bilik və təcrübələri ilə bölüşdükləri üçün onlara minnətdarlığını çatdırmış, gələcəkdə görüləcək işlər sayəsində itkin düşmüş digər vətəndaşlarımızın da taleyinə tezliklə aydınlıq gələcəyinə, bu işdə Dövlət Komissiyasının beynəlxalq humanitar təşkilatlarla birgə fəaliyyətinin daha nəticəyönümlü olacağına inandığını, itkinlərin tapılması məqsədilə qarşıya qoyulmuş vəzifələrin bundan sonra da bütün mümkün imkanlar səfərbər olunmaqla lazımi səviyyədə yerinə yetiriləcəyinə əminliyini bildirmişdir.
Sonra konfrans sözügedən sahədə əldə olunan nailiyyətlər və həllini gözləyən problemlər, itkin düşmüş şəxslərlə bağlı mövcud beynəlxalq çərçivə və silahlı münaqişə tərəfləri olan dövlətlərin qarşılıqlı əlaqələrinin gücləndirilməsi vasitələri, itkin düşmüş şəxslərə aid meyit qalıqlarının yerinin müəyyən edilməsində müasir texnologiyaların tətbiqi, ölkələrarası təcrübə mübadiləsi, hökumətlərlə itkin düşmüş şəxslərin ailələri arasında əməkdaşlıq mövzularında panel müzakirələrlə və çıxışlarla davam etmişdir.