Kamaləddin Qafarov: “Macarıstan-Azərbaycan əməkdaşlığı bizim üçün böyük önəm daşıyır”

 

“Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə imzalandı. Bu sənəd Macarıstan və Azərbaycanın dost və strateji tərəfdaş ölkələr olduğunu bir daha təsdiq etməklə, eyni zamanda da bütün Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Bəyannamənin imzalanmasından sonra mətbuata bəyanatlarla çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban iki ölkənin rəhbərləri arasında keçirilən görüşlərin müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Baş nazir Azərbaycanın Macarıstanla hər zaman dost olduğunu, bu gün isə artıq bütün Avropa üçün strateji tərəfdaş ölkəyə çevrildiyini qeyd edib.”

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputatın fikrincə, Azərbaycan və Macarıstanın uzun illər ərzində apardıqları uğurlu siyasət enerji sahəsində əməkdaşlıq üçün də çox güclü zəmin yaradıb: “Bu gün Avropada cərəyan edən hadisələr, xüsusən də Rusiya-Ukrayna müharibəsi Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi məsələsini təcili həllini tələb edən ən vacib problemdir. Əslində, bu istiqamətdə ilk addımlar hələ bir çox illər bundan əvvəl atılıb. Azərbaycan Prezidenti və Macarıstanın Baş naziri öz bəyanatlarında bu məsələyə toxunaraq vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparıldığını xatırlatdılar. Lakin məlum olduğu kimi, bu layihə həmin dövrdə maliyyə mənbələri müəyyən edilmədiyi üçün icra olunmadı. Bununla belə, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi inşa edildi. Artıq iki ildir ki, Azərbaycan uzunluğu 3500 kilometr olan bu müasir enerji infrastrukturu ilə Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır. Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfədən çox artırmağı planlaşdırır. Bunun üçün tələb olunan resurslar da, siyasi iradə də və ən əsası, tərəfdaşlar arasında sıx və qarşılıqlı faydalı təmaslar da mövcuddur. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, oradan Rumıniyaya, daha sonra Macarıstana və digər Avropa ölkələrinə çatdırılacaqdır. Müzakirələr nəticəsində əldə olunmuş razılığa görə, artıq Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək. Azərbaycan isə özünün zəngin neft-qaz resursları sayəsində hələ bundan sonra da ən azı yüz il ərzində Avropa üçün bu sahə üzrə tərəfdaş olacaq.”

K.Qafarov Azərbaycan ilə Macarıstan arasında minatəmizləmə sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq deyib: “Öz çıxışında cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz arasında əməkdaşlıq üçün vacib olan digər istiqamət də minatəmizləmə sahəsidir. Məlumdur ki, ölkəmiz İkinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib. Hələ bundan sonra ərazilərimizdə bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra keçən iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı mina partlamaları səbəbindən ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq əməkdaşlıq üçün yaxşı imkanlar olduğunu demək olar. Dövlətimizin başçısı macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsinin aparıldığını qeyd etdi. Bildirildi ki, tezliklə bu istiqamətdə də konkret layihələrin müzakirəsinə başlanacaq. İşğal dövründə on min kvadratkilometrə bərabər olan ərazilərdə bütün infrastruktur dağıdılıb, şəhər və kəndlərimiz yerlə yeksan edilib. Azərbaycan bu bölgələri yenidən canlandıracaq və dost ölkə olaraq Macarıstanın da bu sahədə zəngin təcrübəsi əməkdaşlıq üçün möhkəm zəmin yaradır.”