Keçmiş həmsədrdən gecikmiş etiraf

Minsk qrupunda ABŞ-ı təmsil etmiş Richard E.Hoaglanda görə, münaqişədən əvvəl həmsədrlərin işi hər 6 həftədən bir regionu gəzib yüksək səviyyədə görüşlər keçirmək və "beş ulduzlu otellərdə" qalmaq, "ən yaxşı restoranlara" getməkdən o yana keçə bilməyib.

O, İCR Center-in (İnternational Conflict Resolution Center) saytında "Minsk Qrupunun hələ də rolu qalıbmı?" başlıqlı məqaləsində yazır ki, Madrid prinsipləri adlı layihə ortaya çıxanda bəzi həmsədrlər özləri də bunun reallaşacağına inanmayıblar. "Bir çox şeylərdən sonra mənə aydın oldu ki, bu, Dağlıq Qarabağ sadəcə Azərbaycan-Ermənistan arasında ikitərəfli problem deyil. Əslində, bu, Rusiyanın aparıcı, hətta həlledici rol oynadığı üçtərəfli məsələdir".

İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupunun yenidən bir rolu qalıb-qalmadığını sorğulayan keçmiş həmsədrin buna bir cavabı var: "Minsk qrupu təsdiq edilmiş mandata yenidənqurma imkanlarını əlavə edə bilər".

Richard E.Hoagland yazır ki, iki ölkə də yaranmış yeni vəziyyəti bölgənin infrastrukturunun bərpasını, yenidən qurulmasını fürsət kimi dəyərləndirir və Minsk qrupu da bu istiqamətdə müxtəlif beynəlxalq banklardan, ATƏT-ə üzv ölkələrdən maliyyələşmə təşkil etməklə keçmiş Dağlıq Qarabağ müharibə zonasının, Cənubi Qafqazın inkişafına kömək edə bilər.

"Amma Minsk Qrup özünü yeniləməsə, onda o, təəssüf ki, beynəlxalq diplomatiyanın küncündə qalacaq,"- deyə o, məqaləsini yekunlaşdırıb.

 

BBC