Kəndlərimizin geri qaytarılması Azərbaycan Prezidentinin vədinə sadiqliyinin bariz nümunəsidir

Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin 32 illik işğaldan sonra Azərbaycana geri qaytarılması Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Vətən müharibəsi, 2022-ci ilin sentyabr döyüşləri və 2023-cü ildə Xankəndinin azad olunması ilə danışıqlar masasında mövqeyini gücləndirən Azərbaycan Prezidenti Ermənistana qarşı sülhə məcburetmə siyasətini çox uğurla aparır. Azərbaycanın təklifləri və təzyiqləri əsasında İrəvanın delimitasiya prosesinə başlaması işğal altındakı kəndlərimizin geri qaytarılması ilə nəticələndi. Delimitasiya komissiyalarının razılaşması əsasında həyata keçirilən tədbirlər nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xəttinin müəyyən edilməsi və Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının Azərbaycana qaytarılması Prezident İlham Əliyevin vədinə sadiqliyinin bariz nümunəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Qazaxın 4 kəndinin bir güllə atılmadan qaytarılmasını həm Azərbaycan, həm də Ermənistan üçün arzuolunan nəticə adlandıran deputat əlavə edib: “İlk dəfə olaraq Ermənistanın Azərbaycanla dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəlməsi sülh üçün mühüm addımdır. Bu, həm də Cənubi Qafqazda sülh və sabitlik üçün vacibdir. Ermənistandakı revanşist qüvvələrin müqavimətinə baxmayaraq İrəvanın siyasi rəhbərliyi danışıqları davam etdirdi və kəndlərin qaytarılması barədə qərar verdilər. Azərbaycan Prezidentinin düşünülmüş siyasəti Ermənistanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə vadar etdi. Prezident İlham Əliyev hələ bu il yanvarın 10-da yerli televiziyalara müsahibəsində kəndlərimizin Ermənistanın işğalı altında qalmasının dözülməz olduğunu xüsusi vurğulamışdı. “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır”, - deyən ölkə başçısı məsələnin həlli üçün Komissiyanın qarşısında mühüm vəzifələr qoymuşdu. Məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində həmin kəndlər Azərbaycana qaytarıldı”.

 

İltizam Yusifov qeyd edib ki, Azərbaycanın Ermənistanda olan anklav kəndlərinin də qaytarılması üçün yeni ekspertlər komissiyası yaradılacaq: “Bütün sərhədlər müəyyənləşəcək. Növbəti hədəf anklavlar və Zəngəzur dəhlizinin açılması olacaqdır. Azərbaycan öz torpaqlarını güzəştə getməyəcəyini və sona qədər bu məsələnin həllinə nail olacağını bütün təmaslar zamanı bəyan etmişdi. Ərazilərini öz gücünə işğaldan azad etməyi bacaran dövlət bu gün diplomatiya cəbhəsində uğurlarını davam etdirir. Ermənistan və onun havadarları yeni reallıqları qəbul etməlidir. İki ölkə arasındakı münasibətlər hansısa qüvvələrin istəyinə uyğun deyil, beynəlxalq hüquqa, qonşuluq prinsipləri əsasında müəyyən olunmalıdır. Qlobal geosiyasi qarşıdurmanın gücləndiyi bir zamanda Azərbaycanın Ermənistanı sülhə, beynəlxalq hüququn prinsiplərinə hörmətə məcbur etməsi həm də gözlənilən gərginliyin əvvəlcədən qarşısının alınması kimi başa düşülməlidir”.

 

Deputat deyib ki, kəndlərimizin işğal altında qalması Ermənistanla münasibətlərimizdə ciddi maneə hesab olunurdu: “Bu maneələr tədricən aradan qaldırılır. Nəticələr Ermənistan üçün də müsbət olacaq. Aclıq, iqtisadi böhran içərisində çabalayan bu ölkə nəhayət Azərbaycan və Türkiyə ilə əlaqələrini bərpa etmək fürsəti qazanıb. Onlar bu fürsəti necə dəyərləndirəcəklər? Bu artıq rəsmi İrəvanın yürüdəcəyi siyasətdən asılıdır. Amma biz onu da görürük ki, bu gün Ermənistanda baş nazir Nikol Paşinyanın qonşu dövlətlərlə münasibətləri nizamlama siyasətinə qarşı ciddi narazılıqlar, buna mane olmaq istəyən daxili və xarici qüvvələr var. Paşinyan və komandası bu təzyiqlərə duruş gətirəcəyi təqdirdə Ermənistan bir dövlət kimi yox olmaq təhlükəsindən qurtula biləcək. Onu da etiraf etmək lazımdır ki, bu gün Ermənistanın siyasi gündəmini Azərbaycan müəyyən edir. İlham Əliyev Prezident seçildiyi gündən Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyinin əbədiliyi, dönməzliyi naminə başladılan yolu davam etdirəcəyini bəyan edib. Ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində əldə olunan uğurlar seçildiyi ilk gündən torpaqlarımızın bir qarışının belə güzəştə gedilməyəcəyini bəyan edən Prezident İlham Əliyevin andına, Ulu Öndər Heydər Əliyevə və xalqımıza verdiyi vədə sədaqətinin göstəricisidir”.