"Deyirik ki, kəndlinin torpağı var. Suyu yoxdursa, torpaq ona bir yükdür. Dövlət Su Ehtiyatları Agentliyinin son məlumatına görə, ölkə üzrə suvarılan torpaq sahələrinin təxminən 40 faizi su çatışmazlığından əziyyət çəkir. Arxlar quruyub, kanalların bəziləri 1970-ci illərdə çəkilib, bəzi kanallar tam bərbad vəziyyətdədir. Kəndli baxa-baxa məhsulunun qurumasına dözür, artezian vurmaq üçün isə nə texnikası var, nə imkanı. Düzdür, prezident sərəncamı ilə ölkəmizin əsas suvarma kanalları yenilənir, betonla üzlənir və artezian quyuları istifadəyə verilir. Bunu təbii ki, alqışlayıram".
Teleqraf xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deyib.
"Kəndlinin torpağı var, amma bazarı yoxdur. Rəqəmlər göstərir ki, kənd təsərrüfatı məhsullarının satışının 70 faizdən çoxu iri tədarükçülər və topdansatış mərkəzləri vasitəsilə həyata keçirilir. Yəni bazar artıq iri fermerlərin və böyük şirkətlərin əlindədir. Kəndli 1-2 hektarda məhsul yetişdirir, amma bazara çıxa bilmir”,- Razi Nurullayev deyib.
Deputat əlavə edib ki, nəticədə kəndli ya məhsulunu dəyər-dəyməzinə satır, ya da elə sahədə çürüyür: “Biz çox vaxt televizorda iri fermerlərin uğur hekayələrini göstəririk, amma o uğurun kölgəsində minlərlə kəndlinin zərəri, borcu və ümidsizliyi qalır.
Ən acınacaqlısı isə budur ki, bu vəziyyətdə kəndliyə deyirik ki, torpağın var, sənə sosial yardım düşmür. Əgər o torpaq gəlir gətirmirsə, o rifah deyil, sadəcə yükdür. Gənclər torpağı deyil, şəhərdə təsadüfi iş axtarır, çünki kənddə gəlir yoxdur.
Bütün bunlar fonunda biz kəndliyə deməməliyik ki, torpağın var, sənə yardım düşmür. Əksinə, deməliyik: “Torpağın var, amma sənə yaşamaq üçün dəstək lazımdır”.
Sosial siyasət torpağın mülkiyyətinə görə yox, torpaqdan gəlir götürmək imkanına görə qurulmalıdır.
Kəndliyə real dəstək lazımdır. Suvarma sistemlərinin daha tez bərpası və suyun ədalətli bölgüsü, kiçik fermerlər üçün satış bazarları və kooperativlərin yaradılması, məhsul alışı siyasətinin yalnız iri fermerlərə deyil, həm də yerli istehsalçılara yönəlməsi, kəndlinin istehsal xərcləri və gəlirinin balanslaşdırılması lazımdır. Əks halda, kənddə torpaq qalacaq, amma kəndli qalmayacaq”.
Deputat eyni zamanda şikayətlərə daha ciddi yanaşmaq və məktub dövriyyəsinin artmasına imkan verilməməsinin, dövlət orqanlarında tikinti şöbələrinin ləğv olunmasının zərurliyini qeyd edib.
O həmçinin vəzifəli şəxslərdə olan təkəbbürlükdən şikayətlənib: "Dövlət məmurları təkəbbürdən uzaq olsunlar. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi var idi, general-mayor İlqar Abbasov. Çox təkəbbürlü idi. O qədər şikayətlər alırdım. Bunu yüksək qiymətləndirirəm ki, dövlət, Prezident gördü və onu vəzifəsindən uzaqlaşdırdı".