Tanınmış fərdi inkişaf mütəxəssisi Gülpəri Daşdəmir 2008-ci ildən Azərbaycanda yaşayır. Koçluk mərkəzinin rəhbəri həyatımızın ən müxtəlif sahələrində irəliləmək üçün oxucularımızla öz təcrübələrini, tövsiyələrini bölüşüb.
- Müsahibənin özəlliklərindən biri bilirsinizmi nə ilə bağlıdır? Azərbaycan müstəqilliyini qazandığı 90-cı illərdən sonra Türkiyədən Azərbaycana kifayət qədər, çoxlu sayda iş adamları gələrək iş qurub, həyatını Azərbaycana bağlayıb. Amma bu qəbildən qadınlar çox deyil... Bakını seçməyiniz maraqlıdır....
- Mən Almaniyada doğuldum, Kütahyada böyüdüm... Daha sonra təhsil almaqla bərabər çalışmağa başladım. Qismət məni Azərbycana qədər gətirdi. Bu ölkə, Bakı mənim üçün çox şeyi ifadə edir. Adım-addım gəzdim: İsmayıllı, Zaqatala, Lənkəran, Gəncə, İmişli, Qax, Quba, Ağdaş, Mingəçevir onunla birlikdə Yevlax, Qazax, Tovuz və Qəbələ, Şəkini qarış-qarış dolaşdım, tanıdım. Hər qarışda, hər insanla təmasda məmləkətimin qoxusunu, məmləkətimin insanını gördüm. Yəni Azərbaycanda heç yadlıq, özgəlik hiss etmədim. Hər kəs, hər yer doğmadır. İstanbul hamı üçün dünyanın ən gözəl şəhərlərindəndir. Bakını çox sevdim, bura mənim üçün kiçik İstanbuldur.
- Ötən illər ərzində bir iş xanımı kimi hardan hara gəldiniz?
- Doğru vurğuladınız, mən 2008-ci ildə Azərbaycana gələndə, burda Türkiyədən gələn iş qadınları çox deyildi. Sanki kiçik Türkiyə ilə qarşılaşdım. İnsanlar anadolu türkcəsi ilə danışırdı. Azərbaycanlı qardaşlarımızı başa düşməkdə, anlaşmaqda heç sıxıntı yaşamadım.Bir az öncə qeyd etdiyim kimi, İfadələrimiz, kəlmələrimiz bir-birinə çox bənzəyir. Mənim yaşadığım yerin də adət-ənənələri, dəyərləri, dili-ləhcəsi ilə demək olar ki, eynidir. 2008-ci ildə Bakıya başlayan səyahətim daimi yaşamıma çevrildi. O zaman Azərbaycana biz 7 nəfər gəldik, amma hamısı bir il ərzində geri qayıtdılar. Mən burdakı sevgini, insanların gözəl ruhlarını çox sevdim. Zamanla doğru seçim etdiyimi anladım. Bakıda yaşamaqdan çox məmnunam. Azərbaycana gəldiyim zaman NLP kuantumun R2 təcrübələri, xüsusilə kouç və psixologiya ilə ciddi maraqlanır, təlimlərdə iştirak edirdim. Bu mövzuda inkişaf etməyə çox qərarlı idim. Hesab edirdim ki, doğru suallar və doğru cavablar insanın həyatında çox gözəl qapılar açır və inkişafını artırır. İllərlə həm Türkiyə, həm də Amerika, İngiltərədə yaşadım, dünyada ilk üçlükdə yer alan koçun birindən uzun müddət təlimlər aldım. Öyrəndim ki, dünyadakı bütün problemlərin çözümü özünü sevmək, sevgi duyğusudur. Təlimlər aldıqdan, peşənin sirrlərini mənimsədikdən sonra koç olaraq mentorluğa başladım.
- Koç xidmətlərini oxuculara qısaca necə şərh edərdiniz?
- Koç xidməti uzun illərdir ki, mövcuddur. Amma xüsusilə son illərdə çox ciddi inkişaf edən və böyük şirkətlərin, ailələrin, tələbələrin, xanımların və özünü inkişaf etdirmək istəyən hər kəsin həyatında ciddi dəyişiklik edən bir sistemdir. Doğru suallar, doğru düşünməyi və düşünmək də doğru cavabları tapmağa gətirir. Koç şəxsin öz səyahətini özünün müəyyənləşdirməsi üçün yol xəritəsidir. İçimizə dönüb nə düşündüyümüzün, nə hiss etdiyimizin fərqinə varanda hansı addımların doğru olduğunu dərk edirik. Cavablar əslində açardır, kilidləri açacaq bütün açarlar içimizdə gizlidir. Biz koç kimi, insanların bu açarları kilidə taxmasını, açmasını və kəşf etməsini təmin edirik. Özəl mentorluqla məşğulam və insanlara öz bilik və bacarıqlarını ortaya çıxarmaq üçün dəstək verirəm.
- Sizcə bu gün cəmiyyət yeni sayılan bu xidmətlərə nə qədər açıqdır, nə qədər faydalana bilir?
- Azərbaycanda insanların, xüsusilə qadınların inkişafa maraqları aydın görünür. Evdar anaların, iş qadınlarının, gənc qızların özlərini inkişaf etdirməyə yönəlik cəhdləri bir qadın olaraq məni sevindirir. Bu istiqamətdəki fəaliyyətim nəticəsində çox gözəl xanımlar tanıdım. Kouç kimi zamanla onların, ailələrinin həyatında, iş dünyalarında dəyişikliklərin şahidi olduq. Azərbaycanda kouçluq təlimlərinin geniş yayıldığını və insanların həyatına çox şeylər qatacağından əminəm.
- Qadınlarla çox işlədiyiniz üçün soruşmaq istərdik: Azərbaycanda qadınların sahibkarlığa, biznes mühitinə maraqları barədə fikirləriniz nədir?
- Azərbaycan qadınlarının məqsədi ailəsinə, cəmiyyətinə fayda verməkdir. Bu qadın inkişafının göstəricisidir. Həyat şəraitini daha da gözəlləşdirmək, uşaqlarını ən gözəl şəkildə yetişdirmək, çevrəsindəki insanlara faydalı olmaq istəyən qadın güclüdür. Mən bu nöqtədə Azərbaycan qadınlarını alqışlayıram.
- Sizcə xanımlar şəxsi inkişafa nə qədər maraq göstərirlər?
- Bütövlükdə Azərbaycan qadını inkişafa çox açıqdır. Ümumiyyətlə türk qadınları zəkası, ailə dəyərləri, çalışqanlığı, mərdliyi, qəhrəmanlığı ilə seçilirlər. Fərqli frekanslarda yaşayırıq, zaman öz tələblərini diktə edir. Onlardan birincisi bəlkə də öz üzərində işləmək, bilik-bacarıqları artırmaqdır. Bəli bu gün elə sahələr var ki, onlar məktəblərdə, universitetlərdə tədris olunmur. Və ya ali təhsil almayanlar belə müəyyən kurslar, təlimlərdən sonra özləri bir peşə sahibi ola bilərlər. Bu gün bacarıqların fərqində olub, onları ortaya çıxarmaq və istifadə edə bilməkdir. Hesab edirəm ki, müxtəlif kurslar keçmək, kouç xidmətləri almaqda ciddi fayda var.
- Gülpəri xanım təəssüf ki, bu ilin fevral ayı bütün dünya üçün, türk dünyası üçün asan olmadı. Məlum zəlzələ hamımızı sarsıtdı... Kouç olaraq fikriniz maraqlıdır. Belə bir durumda insanların acıya, dərdə təslim olması deyil, təbii fəlakətin nəticələrini, ağrısını birlikdə aşması üçün nəyə ehtiyacı var?
- Nə yazıqlar ki, dünyamız zaman-zaman müharibələr, təbii fəlakətlər, zəlzələlər, sel fəlakətləri yaşayır. Fəlakət insanların sevdiyini, doğmalarını itirməsidir. Əlbəttə, kouç olaraq hesab edirəm ki, nə qədər ağır da olsa, insanlar itgiyə deyil, ayaqda durmağa fokuslanmalıdır. Biz dünyadakı bütün problemlərə, savaşlara, təbii fəlakətlərə iradəmizi toplamaqla, möhkəm psixologiya ilə davam gətirə bilərik. Bir insan özü güclüdürsə, ətrafına da faydalı ola bilər. Xüsusilə təbii fəlakətlərin, savaşların artdığı son illərdə bütün dünyada kouçlara daha çox ehtiyac var. Bəzən duyğularımızın, itkilərimizin içində itib batırıq, bəzən özümüzə gəlməyə çətinlik çəkirik və s. Tam bu nöqtədə hər kəsin bir kouça ehtiyacı var. Mən insanlarla "özünə kouçluq et, kouç ol" prinsipi ilə işləyirəm. Həyat doğumdan ölümə qədər sürprizlərlə doludur. Müasir insan özü özünün bütün sahələrdə inkişafında maraqlı olmalıdır. Necə demişlər, hər kəs özü özünün həkimi olmalıdır. Belə olmasa, digər çətin vəziyyətdə olan insanlara yardım edə bilmərik. Vəziyyətləri, təbii fəlakətləri və ya kataklizimləri dəyişdirmək mümkün deyil, ancaq özünüzü, yanaşmanızı dəyişə bilərsiniz. Ən böyük məsuliyyət budur. Kouçluq daxilinizə səyahətlə, daxili dəyişikliyinizlə başlayar.
- Demək ki, həyatımızda kouçların əhəmiyyətli yeri var?
- Əlbəttə, düşünə bilmədiyimiz hadisələri izləyirik. Stabil olmayan günümüzdə hər kəsin öz daxili hüzurunu tapa bilməsi çox vacibdir. Əslində bu gün hamımızın ən çox hüzura ehtiyacı var. Hüzurla həmahəng olmaq çox qiymətlidir. Bu zaman uğuru da asanlıqla əldə etmiş olarıq. Bir kouç kimi bacardığım qədər bütün türk dünyasına xidmət etməyə hazıram: fərdin inkişafı, biznes sahəsində, performans koçluğu, gənclərin inkişafından tutmuş ikili münasibətlərə qədər. İnsanların həyatına toxunmağı çox sevirəm, bu məni xoşbəxt edir.