Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası şəhid, baş leytenant Samir Şükürova həsr olunmuş tədbir keçirdi.
Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova açaraq qonaqları salamladı, kitabxana tərəfindən “Şəhidlər ölməz, Vətən bölünməz”, “Milli Qəhrəmanlarımızı tanıyaq” kimi layihələrin həyata keçirildiyini vurğuladı. Biz şəhidlərimizi unutmamalı, gələcək nəsillərə onların qəhrəmanlıqları, şücaətli döyüş yolu haqqında məlumat ötürməliyik. Azərbaycan bu 30 ildə müsibətlər görmüş, soyqırım yaşamış, 20 Yanvar, Xocalı faciəsinin şahidi olmuşdur. L.Məmmədova daha sonra yazıçı, publisist Nüşabə Məmmədlinin “Zəngulə” əsərində erməni vandalizmi haqqında yazılmasından danışdı.
Bizim hər bir şəhidimiz bizim üçün əzizdir, hər biri bizim üçün bir qəhrəmandır.
Şəhid Samir Şükürov Birinci Qarabağ müharibəsində iştirak etmişdir. O, Vətən müharibəsi zamanı Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə də iştirak etmişdir. Noyabrın 8-də Hadrutun azad edilməsi zamanı şəhid olmuşdur. Şəhidin iki oğlu, bir qızı yadigar qalıb.
O, çıxışının sonunda şəhidin yazdığı “Məzarım üstə” şeirini tədbir iştirakçılarına söylədi.
Şair Esmira Günəş çıxışında qeyd etdi ki, bizdən sonra şəhid qəhrəmanlarızı kitablar yaşadacaq. Nə qədər çox şəhidlər haqqında yazılsa, bir o qədər onlar yaşayacaq, unudulmnayacaq. O, yeddi kitabında şəhid Samir Şükürov haqqında şeir və yazılarının olduğunu bildirdi.
Esmira Günəş şəhid Samir Şükürovun həyat yoldaşı Zümrüd Şükürovanın şəhidin şeirlərini və xatirələrini nəşr etdiyini bildirdi. Bildirdi ki, şəhidimizi onun xanımının sayəsində tanıyıb və sevib. O, çıxışının sonunda L.Məmmədovaya mütəmadi olaraq şəhidlər mövzusuna müraciət etdiyinə görə təşəkkürünü bildirdi.
AMK tərkibində İncəsənət Gimnaziyasının teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hicran Sadıqzadə çıxışında tədbirə dəvətə görə L.Məmmədovaya təşəkkür etdi. O qeyd etdi ki, şəhidlər bizim qəhrəmanlıq salnaməmizdir, biz onlarla hər zaman qürur duymayılıq.
Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı, şair Tural İrfan çıxışında qeyd etdi ki, Milli Məclisin deputatı Razi Nurullayevin nümayəndəsi olaraq, daima şəhid ailələrinin yanındayıq, belə tədbirlərdə biz həmişə qürurlanırıq. Fəxr edirik ki, şəhid valideynlərinə, ailələrinə müəyyən mənada təskinlik vermiş oluruq.
Milli Cəbhə Partiyasında hüquqi işlər üzrə fəaliyyət göstərən, yazıçı, Qarabağ müharibəsi iştirakçısı Vüqar Dadaşov xalqımızın 30 illik mübarizəsindən danışdı. Biz veteranlar, qazilər şəhidləri daim qəlbimizdə yaşadacağıq.
Tədbirdə iştirak edən şəhidin ailə üzvləri – qardaşı Arzuman Şükürov, bacısı oğlu Elgün Əliyev şəhid Samir Şükürovla bağlı xatirələrini bölüşdülər. Şəhidin qaynı Xəlil İsmayılov və yaxın qohumu Vəsilə İsmayılova Samir Şükürovun xatirəsinə həsr olunmuş tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirdilər.
Yasamal rayon MKS-nin Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova, Uşaq şöbəsinin müdiri Sevil Namazova qeyd etdilər ki, şəhidlik elə bir zirvədir ki, o zirvəyə hər kəs ucalmır. Şəhidlər heç zaman ölmürlər, onlar qəlbimizdə yaşayırlar.
Böyük metodist İradə Hüseynova şəhid ailələrinin daim yanında olduğunu, onlara həsr olunan tədbirlərdə söz deməyin çətin olduğunu vurğuladı.
Şəhidin həyat yoldaşı Zümrüd Şükürova tədbirin təşkilinə görə L.Məmmədovaya və zəhməti keçən hər kəsə təşəkkürünü bildirdi. O qeyd etdi ki, şəhid Samir Şükürov sizin sayənizdə daha da tanındı.
E.Günəş “Qürur yerimiz” və “Günəş qadın” kitablarını kitabxanaya, “Xarıbülbüllər” kitabını, Uğur Yolu TV.az jurnalını isə şəhidin həyat yoldaşı Z.Şükürovaya təqdim etdi.
Tədbirin bədii hissəsində AMK tərkibində İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında şeirlər səsləndirildi.
Gimnaziyanın müəllimi, bədii qiraətçi Pərvanə Talıbova “Şəhid anası” şeirini səsləndirdi.
Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Leyla Məmmədli şəhidlərə həsr olunmuş şeir söylədi.
Şəhidin övladları Teyyub, Nuray və Tunar Şükürzadələr şeirlər söylədilər.
Tədbirdə şəhid, baş leytenant Samir Şükürovun əziz xatirəsinə həsr olunan videoçarx nümayiş olundu.
Şəhidin həyat yoldaşı Zümrüd Şükürova kitabxanaya Samir Şükürovun yazdığı şeirlərindən ibarət “Yarımçıq qalmış arzularım...” kitabını hədiyyə etdi.Şəhid Samir Şükürova həsr olunmuş videoçarxı Yasamal MKS-nin YouTube kanalında izləmək olar:
https://www.youtube.com/watch?v=h1eaA99c9N8
https://www.youtube.com/watch?v=ttajiVY47Hk
https://www.youtube.com/shorts/pazdKtSCF88
https://www.youtube.com/watch?v=fH11OSPkIPQ