Konstitusion inkişaf: müstəqil dövlət quruculuğunun hüquqi, siyasi və ideoloji əsasları

Asif Əsgərov

Milli Məclisin deputatı

12 noyabr tarixi müasir dövlətçiliyimizin inkişaf salnaməsində xüsusi əhəmiyyətə malik günlərdən biridir. Həmin gün Azərbaycan Respublikasının Konstitusiyası – müstəqil dövlət quruculuğunun hüquqi, siyasi və ideoloji əsaslarını müəyyən edən Əsas Qanun qəbul olunub. Ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən bu sənəd ölkənin demokratik inkişafını formalaşdırmış, müstəqil dövlət idarəçiliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasının hüquqi zəminini yaratmışdır.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya həm milli dövlətçilik ənənələrini, həm də ümumbəşəri dəyərləri özündə birləşdirərək, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun istiqamətverici sənədinə çevrilmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.

Ölkəmizin konstitusiya quruluşunun formalaşması mürəkkəb və çoxşaxəli tarixi mərhələlərdən keçmişdir. 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul etməyə macal tapmasa da, xalqımızın azadlıq və müstəqillik idealının bünövrəsini qoymuşdur. Azərbaycan SSR dövründə qəbul olunmuş 1921, 1927, 1937 və 1978-ci illər Konstitusiyaları Sovet ideologiyasının prinsiplərinə əsaslansa da, milli maraqlarımızı tam şəkildə əks etdirmirdi.

1978-ci il aprelin 21-də qəbul edilən Azərbaycan SSR Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə mühüm bir yeniliyə imza atdı. Sənədin 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması milli şüurun və suveren düşüncənin hüquqi ifadəsi idi. Bu qərar sonrakı dövrlərdə müstəqil dövlət quruculuğu prosesinə ideoloji dayaqlar yaratdı.

1991-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, o illərdəki siyasi qeyri-sabitlik bu məqsədin reallaşmasına imkan vermədi. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində ölkədə sabitlik bərqərar edildi, hüquqi dövlət quruculuğuna zəmin yaradıldı.

Ümummilli Liderin rəhbərliyi ilə Konstitusiya Komissiyası tərəfindən müstəqil Azərbaycanın Əsas Qanununun layihəsi hazırlandı və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edildi. Seçicilərin 91,9 faizi bu sənədin lehinə səs verdi. 27 noyabr 1995-ci ildə qüvvəyə minən Konstitusiya Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsinə çevrildi.

Ulu Öndər Heydər Əliyev bildirirdi ki, biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun.  Bu prinsip əsasında hazırlanmış Konstitusiya hakimiyyət bölgüsünü – qanunverici, icra və məhkəmə qollarının qarşılıqlı balansını təsbit etmiş, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını dövlətin ali vəzifəsi kimi müəyyənləşdirmişdir. Əsas Qanunun 48 maddəsi birbaşa insan hüquqlarına həsr olunmuşdur ki, bu da onun demokratik mahiyyətini və beynəlxalq hüquq normalarına uyğunluğunu təsdiqləyir. Konstitusiya Azərbaycanda yaşayan bütün vətəndaşların dilindən, dinindən və mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlara malik olduğunu təsbit edir.

Müstəqil dövlətimizin Əsas Qanunu hüquqi dövlət anlayışının tərkib hissəsi kimi konstitusiya ədalət mühakiməsi orqanının yaradılmasını da nəzərdə tuturdu. 1997-ci ildə “Konstitusiya Məhkəməsi haqqında” Qanunun qəbulu və 1998-ci ildə bu Məhkəmənin fəaliyyətə başlaması ilə Azərbaycanda hüquqi nəzarət sistemi formalaşdı. Ulu Öndər Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla bu orqanın müstəqilliyi təmin olundu və hüquqi dövlət prinsipinin mühüm dayaqlarından birinə çevrildi.

İctimai-siyasi reallıqların inkişafı ilə əlaqədar Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə referendumlar vasitəsilə mühüm dəyişikliklər edilib. Bu dəyişikliklər idarəetmə sisteminin təkmilləşdirilməsi, insan hüquqlarının daha effektiv təminatı və dövlətin sosial funksiyalarının gücləndirilməsi məqsədinə xidmət edib. 2016-cı il referendumunda idarəetmə sistemində yeni təsisat – Birinci vitse-prezidentlik institutu yaradıldı. Bu addım dövlət idarəçiliyində çevikliyin və funksionallığın artırılmasına yönəlmiş müasir modelin tətbiqini təmin etdi.

2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı nəticəsində dövlətin suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Bununla da Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar edildi. Bu tarixi reallıq nəzərə alınaraq, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Həmin Sərəncam və “Tədbirlər Planı” dövlətin hüquqi və siyasi sisteminin möhkəmləndirilməsi istiqamətində yeni mərhələnin əsasını qoymuşdur.

2025-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbulunun 30 ili tamam olur. Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis edilən “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı həmin tarixi sənədin dövlətçilik tariximizdəki əvəzsiz roluna verilən yüksək dəyərdir.

Azərbaycan Respublikasının Konstitusiyası milli dövlətçilik ideyasının və suveren iradənin bərqərar olmasının təzaharüdür. Bu, xalqın azadlıq ruhunu, dövlətin müstəqilliyini və vətəndaşın hüquqlarını qoruyan müqəddəs sənəddir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə Konstitusiyanın əsas prinsiplərinə – qanunların aliliyinə, insan hüquqlarına, dövlət suverenliyinə və milli maraqlara əsaslanan siyasəti ardıcıl şəkildə həyata keçirir. Əsas Qanunda əksini tapan prinsiplər gələcək nəsillər üçün sabitlik, ədalət və azadlıq təminatıdır.