Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü ilə nəticələnən İkinci Qarabağ müharibəsindən ötən bir il ərzində vətən uğrunda oddan, alovdan keçərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızın bizlərə əmanət olan ailələri, o cümlədən sağlamlıqlarını itirən qazilərimiz dövlətin diqqət mərkəzində saxlanılmışdır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla dövlət rəsmiləri tərəfindən Qarabağ qazilərinə və şəhid ailələrinə lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur.
Milli Məclisin deputatı Könül Nurullayeva da Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Nizami rayonundan olan şəhidlərin ailələrinə ziyarətlərini davam etdirir, onların valideynləri və doğmaları ilə söhbətləşərək dərdlərinə şərik olmağa çalışır. Görüşləri zamanı şəhid ailələrinə dərin hüznlə başsağlığı verən millət vəkili 30 ilə yaxın düşmən tapdağı altında qalan Qarabağın azad olunması üçün canını fəda edən qəhrəmanların xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi qalacağını bildirir, onlara mənəvi olaraq dəstək nümayiş etdirir.
Belə ki, K.Nurullayevanın ailəsinə baş çəkdiyi şəhidlərdən biri tank taqımının komandiri olan baş leytenant Azad Hümbətovdur. O, Vətən müharibəsində Füzuli, Qubadlı və Laçın rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərmiş və qəhrəmancasına şəhid olmuşdur. Azad Hümbətov döyüş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə icra etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarına, habelə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüşdür.
Digər bir şəhidimiz isə Suqovuşan qəsəbəsinin və Talış kəndinin işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında xüsusi mərdlik göstərən Zəbiyulla Məmmədovdur. Sözügedən qəhrəmanımız noyabr ayının 4-ü şücaətkarcasına şəhadətə yüksəlmişdir. Zəbiyulla Məmmədov düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə görə "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medallarına layiq görülmüşdür.
Millət vəkili Könül Nurullayevanın ailəsini ziyarət etdiyi Cavid Manafov isə Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında xüsusi mərdlik və cəsarət göstərmişdir. O, noyabr ayının 7-si şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlər zamanı komandirini, habelə digər döyüş yoldaşlarını ölümdən xilas edən Cavid Manafov düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə görə Prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalına layiq görülmüşdür.